Azərbaycanda zərərli və ağır işlərdə çalışan kişilərlə qadınların pensiya yaş həddi bərabərləşdirilir.
Bu, parlamentin cümə günü keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.
Komitə sədri bildirib ki, pensiyaya çıxma şərtləri yumşaldılır: “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun təsbit edildiyi 9.1-ci maddədə pensiya kapitalı və 25 il sığorta stajı tələbinin biri ləğv edilir, pensiya kapitalı tələbi 34 560 manata endirilir (hazırda bu rəqəm kişilər üçün 48 960 manat, qadınlar üçün 63 360 manatdır) gözlənilən ödəniş aylarının sayı 144-ə endirilir, (hazırda bu rəqəm kişilər üçün 204 ay, qadınlar üçün 264 ay təşkil edir), nəticədə pensiya məbləği artırılır, 2 şərt (ümumi staj və ya kapital və xüsusi iş stajı) qarşılığında 5 il erkən pensiya hüququ verilir.
9.1, 9.2 və 9.3-cü maddələrə edilən təklifə əsasən kişilərlə qadınların pensiya yaş həddi eyniləşdirilir ki, bu da Qanunun fəlsəfəsindən və təməl prinsiplərindən qaynaqlanır.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.