Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq.
Bunu Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik və Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Bildiyiniz kimi, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Biz azad edilmiş torpaqları necə görmək istəyirik? Biz insanlara, oraya qayıdacaq insanlara hansı şəraiti yaratmaq istəyirik? Hər kəs görəcək ki, işlərimiz planlı və sistemli şəkildə aparılacaq, bütün amillər nəzərə alınacaq – təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişaf".