SOSİUM

01 Aprel

Ekspert: “Yeni qaydaların qəbulunda məqsəd ölkədə su uçotunu dəqiqləşdirməkdir

“Son zamanlar nəinki Azərbaycanda, eləcə də bütün dünyada suya tələbat getdikcə artır. Bu səbəbdən insanlar daha çox təbii su mənbələrindən su götürməyə başlayıblar. Əhalinin sayının günü-gündən artması içməli su və suvarma suyuna da tələbatı təbii şəkildə artırmış olur”.

Bu fikirləri “Report”a açıqlamasında Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, su məsələləri üzrə ekspert Rövşən Abbasov “Sudan ödənişli istifadə Qaydaları”nı şərh edərkən deyib.

Onun sözlərinə görə, iqlim dəyişmələrinin baş verməsi də bu sahəyə öz təsirini göstərmiş olur:

“Ona görə də su uçotunun aparılması vacib amillərdəndir. Prosesin iki-üç il bundan əvvəl həyata keçirilməsi daha məqbul olardı”.

Ekspert sudan ödənişli istifadə ilə bağlı bəzi insanlarda yanlış fikirlərin yaranmasına da münasibət bildirib:

“İlk olaraq qeyd edim ki, içməli və suvarma suyundan istifadə onsuz da ödənişli olub. Bu istiqamətdə heç bir dəyişiklik gözlənilmir. Digər anlaşılmazlıq həyətyanı sahələrdə olan su quyuları ilə bağlı olub. Oradakı suyun pulunun ödənilməsi halı yoxdur. Belə ki, Su Məcəlləsinə əsasən müəyyən mənbələrdən götürülən su həmişə ödənişsiz olmalıdır. Yəni, bu ödənişli deyil və ola bilməz. Qaydalar da həmin qərarı daha da möhkəmləndirir. Əgər bir vətəndaş öz həyətyanı sahəsində dərinliyi təxminən 15 metrə qədər quyu qazıbsa və qrunt suyu çıxırsa, bu, ödənişli ola bilməz”.

O qeyd edib ki, qaydaların qəbulunda məqsəd su pulunu yığaraq əlavə gəlir yaratmaq yox, ölkədə su uçotunu dəqiqləşdirməkdən ibarətdir:

“Etiraf edək ki, bu, hətta gecikmiş müsbət addımdır. Çünki ölkədə suyun uçotunun aparılmasında müəyyən boşluqlar var idi. Artıq uçotun aparılmasına başlanılıb, komissiya yaradılıb. Yeni qaydalar həmin prosesi sürətləndirmiş olacaq. Açıq su mənbələrindən götürülən suların uçotunun aparılmasında da problemlər var. Hansısa ərazilərə səfər etdikdə, çayların üzərində müxtəlif su götürücü qurğuların yaradıldığının şahidi oluruq. Bu da müxtəlif problemlər yaradır. Açıq məcralı su axarlarının ekoloji vəziyyətinə ciddi təsir edir, eləcə də aşağı axınlarda su çatışmazlığı yaradır. Bu kimi halların qarşısını almaq üçün sudan istifadə üçün ödəniş edilməlidir”.

R.Abbasov əlavə edib ki, insanlar suya qənaət etməkdə maraqlı olmalıdır:

“Misal olaraq, Bakıda hər kəs evində sudan istifadəni qənaətlə edir, çünki qarşılığında ödəniş edir. Təbii su obyektlərindən su ödənişli olmalıdır ki, istifadə edən ehtiyacı olan qədər götürsün. Bununla da çayda su çoxalacaq və səmərəli istifadə formalaşacaq. Tariflər elə təyin edilməlidir ki, ödəmə qabiliyyəti olsun”.

Qeyd edək ki, ödənişlərin həyata keçirilməsi mexanizminə dair təkliflər üç ay müddətində hazırlanıb Nazirlər Kabinetinə təqdim olunacaq, sudan istifadə haqqını (tariflərini) isə Tarif Şurası müəyyən edəcək.