SOSİUM

15 Mart

Beynəlxalq axtarışda olan şirkət rəhbərinin məhkəməsi başlayır

Dələduzluqda təqsirləndirilən Rövşən Zalovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Fins.az xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin İstintaq şöbəsinin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Zalov Rövşən Azad oğlunun - 2017-ci il ərzində Bakı şəhərində özünü turizm şirkətinin rəhbəri kimi təqdim edərək Almaniyada yaşayıb işləmək üçün viza açdırmağı və göndərəcəyini vəd edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxslə özgənin əmlakını (pul vəsaitlərini) ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrarən dəladuzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Zalov Rövşən Azad oğlu barəsində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Baş Prokurorluğun Türkiyənin Baş Prokurorluğuna etdiyi sorğu təmin edilməklə Zalov Rövşən Azad oğlu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə ekstradisiya edilib.

© apa.az