SOSİUM

10 Mart

ÜST rəhbəri: COVID pandemiyasının başa çatmasına hələ çox var

Koronavirus pandemiyasının başa çatmasına hələ çox var. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhonom Gebreyesus bu fikri Cenevrədə keçirilən brifinqdə söyləyib.

“COVID-19 pandemiyasının başa çatmasına hələ çox var, ona hər yerdə son qoyulmayınca, o heç yerdə başa çatmayacaq”, - deyən baş direktor virusun təkamül prosesinin davam etdiyini vurğulayıb.

ÜST rəhbəri xatırladıb ki, pandemiya başlanandan bəri koronavirus xəstəliyi səbəbindən ölənlərin sayı 6 milyonu keçib.

O deyib: “Asiya və Sakit okean regionunda bir çox ölkələr COVID 19-a yoluxma faktlarının və bu səbəbdən ölüm hallarının sayının sürətlə artması ilə üzləşir”. Baş direktor bir məqamı xüsusi vurğulayıb ki, vaksinlərin dünyada paylanmasında, habelə testlərin və müalicənin əlçatanlığı məsələsində “iri maneələr” hələ də qalmaqdadır.

Bəzi ölkələrdə COVID testlərinin sayının kəskin azalmasından narahat olduğunu bildirən Gebreyesus deyurb: “Bu, COVID-19 virusunun yayılmasını və təkamülünü izləmək imkanlarımızı məhdudlaşdırır. Pandemiyaya qarşı mübarizədə testləşdirmə həyati əhəmiyyətli vasitə kimi qalır”.