SOSİUM

28 Fevral

Sosial həssas vətəndaşların işlə təmini müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin 4 saylı Ərazi Məşğulluq filialının təşkilatçılığı ilə "Sosial cəhətdən həssas vətəndaşların məşğulluğunun təmin olunması başlıca hədəflərimizdəndir" mövzusunda görüş keçirilib.

Görüşdə Agentliyin İdarə heyətinin sədr müavini Cəmaləddin Quliyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon üzrə təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi, Yasamal, Şuşa İcra Hakimiyyətlərinin rəhbər şəxsləri və işəgötürənlər iştirak edib.

Cəmaləddin Quliyev Agentlik tərəfindən işəgötürənlərlə əməkdaşlıq çərçivəsində işsiz və işaxtaran vətəndaşların məşğulluq məsələlərinin həlli üçün həyata keçirilən tədbirlər barədə məlumat verib və bu istiqamətdə işəgötürənlərlə sıx əməkdaşlıq münasibətlərinin qurulmasının əhəmiyyətini qeyd edib.

Görüşdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluq imkanlarının artırılmasında mühüm rol oynayan kvota qaydaları barədə məlumat verilib, işəgötürənləri maraqlandıran suallar cavablandırılıb.

Dövlət Məşğulluq Agentliyi ölkədə işsiz və işaxtaran şəxslərin məşğulluğunu təmin edən, onların peşə bilik və bacarıqlarını inkişaf etdirən, işini itirmiş şəxslərə müvəqqəti maddi dəstək göstərən publik hüquqi şəxsdir. Agentlik bu xidmətləri 22 ərazi məşğulluq filialı, 36 xidmət şöbəsi və 3 peşə hazırlıq mərkəzi vasitəsilə həyata keçirir. Göstərilən xidmətlər, icra edilən layihə və proqramlar barədə daha ətraflı məlumat üçün www.dma.gov.az saytına, 142 çağrı mərkəzinə və ya Agentliyin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.