Bu gün ”Azəriqaz” İstehsalat Birliyinin sayca 12-ci "Açıq mikrofon" aksiyası Suraxanı rayonunun Zığ qəsəbəsində baş tutub. Sürüşmə zonasından köçürülən vətəndaşların məskunlaşdığı ərazidə sakinlər qaz təchizatı ilə bağlı yaşadıqları çətinliklərdən söz açıblar. Saat 11:00-dan 13:00-dək "Səyyar qəbul otağı" vətəndaşların ixtiyarında olub. Görüşdə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və digər rəhbər şəxslər iştirak ediblər. Hər bir kəsin müraciəti fərdi qaydada dinlənilib. Qarşıdan soyuq ayların gəldiyini nəzərə alaraq “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru tərəfindən qısa zamanda bu yaşayış massivinin qazlaşdırılması ilə bağlı tapşırıq verilib. Aksiya bundan sonra da davam edəcək.