SOSİUM

23 Avqust

Professor: “Pandemiya uzandıqca, qarşıdan daha yüngül formalı ştammlar gəlir”

“Bu, mutasiyaya uğrayan bir virus olduğundan, bir formadan digər formaya keçir. Xatırlayırsınızsa, əvvəl COVID-19 idi, sonra başqa ştammlar meydana çıxdı, indi “Delta” gəldi. Bunlar hamısı nəticə etibarilə koronavirusdur. Amma mutasiyaya uğradıqca, yüngül formaları üzə çıxır”.

Bu sözləri Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, tibb elmləri doktoru, professor Sədrəddin Atakişizadə deyib.

O qeyd edib ki, bu ştammlar bəzi xəstələrdə özünü ağır şəkildə büruzə verə bilər:

 

“Amma bir yaxşı cəhət var ki, pandemiyanın müddəti uzandıqca, qarşıdan daha yüngül formalar gəlir. O ki qaldı üçüncü dozanın qəbulunda hansı vaksinin vurulmasına, eyni də ola bilər, fərqli də”.

Professor əlavə olaraq bildirib ki, praktikada vaksin həmişə konkret ştammlara qarşı hazırlanır:

“Ştammlar qısa müddətdə mutasiyaya uğrayır, vaksinin hazırlanmasına isə çox vaxt lazım olur. Odur ki, hazırda istifadə etdiyimiz vaksinləri ciddi ağırlaşmalar yaratmadığı üçün istənilən ştamma qarşı tətbiq etmək məsləhət görülür. Çünki əlimizdə olan vaksinin tətbiqi yalnız pandemiyanın yayılmasının qarşısının alınmasına xidmət edə bilər”.