SOSİUM

18 Avqust

Azərbaycan əhalisinin sayı açıqlanıb-DƏQİQ SAY

İlin əvvəlindən ölkə əhalisinin sayı 20063 nəfər və ya 0,2 faiz artaraq 2021-ci il iyul ayının 1-i vəziyyətinə 10139196 nəfərə çatıb.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə  1002 qadın düşür. Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olmuşdur.

Cari ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 56063 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,3 təşkil etmişdir.  Doğulanların 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqları olmuşdur.

2021-ci ilin altı ayında ölkədə 37047 ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 7,5 təşkil etmişdir.  

Bu ilin birinci yarısında qeydiyyat şöbələri tərəfindən 23231 nikaha daxilolma və 8168 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,6-dan 4,7-yə, boşanmaların sayı isə 1,4-dən 1,6-ya qədər artmışdır.

Cari ilin yanvar-iyun ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1231 nəfər gələn, Azərbaycandan isə 184 nəfər gedən qeydə alınmış, miqrasiya saldosu ölkə üzrə müsbət 1047 nəfər təşkil etmişdir.