Yumşaldılmalar, insanlarda rahatlıq və maskalardan imtina edilməsi yoluxma rəqəmlərinin artmasına gətirib çıxarır. Bu səbəbdən narahatlığa ehtiyac var.
Fins.az xəbər verir ki, bunu ABR24-ün "Gündəm" verilişinə açıqlamasında deputat Soltan Məmmədov deyib. O bildirib ki, insanlar qapalı məkanlarda peyvənd olunub-olunmamasından asılı olmayaraq maskadan istifadə etməlidir:
"Hər zaman bu günədək əldə etdiyimiz uğurların səbəbini müzakirə edərkən qeyd etmişik ki, bunun əsas səbəbi dövlətimiz tərəfindən vaxtında atılmış qabaqlayıcı addımlar, səhiyyə sisteminin gücləndirilməsi, peyvəndlərin zamanında ölkəyə gətirilməsi, bütün tibb müəssisələrinin lazımi tibbi avadanlıqla təmin olunması və ən əsası həyata keçirilən COVİD-lə mübarizə strategiyasının tam olaraq ÜST-ün tövsiyələrinə uyğun olmasıdır.
Həmçinin əhalinin həmrəy olaraq davranış qaydalarına əməl etməsi sayəsində dövlətin strategiyası ilə vətəndaşların davranışı üst-üstə düşüb və biz hər zaman dünya ölkələrində baş verən bu pik dalğa dediyimiz vəziyyətə bir neçə 10 günlüklərdən sonra gəlib çatırdıq. Bu gün isə narahatlığa səbəb var. Əfsuslar olsun ki, insanlarda rahatlıq əmələ gəlib. Gündəlik olaraq qapalı yerlərdə artıq insanların maskanı taxmaq qaydalarına müəyyən qədər riayət etməməsinin şahidi oluruq. Bu, reallıqdır. Lakin qapalı məkanlarda peyvənd olunub-olunmamasından asılı olmayaq hər kəs maskadan istifadə etməlidir. Bu qaydalara əməl edilsə və peyvənd proqramı uğurla həyata keçirilsə, əminəm ki, epidemioloji vəziyyət imkan verəcək ki, bu yolla biz vəziyyəti stabilləşdirək. Bundan sonra da rəqəmlərin azalmasına çalışaq ki, qapanmalar bir daha təkrarlanmasın".