SOSİUM

06 Avqust

Sağlam həyat tərzinin qaydalarına nə dərəcə riayət edirik?

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq, ölkəmizdə gənclərin sağlamlığının qorunması və möhkəmləndirilməsi, sağlam həyat tərzi ilə bağlı bir sıra maarifləndirici tədbirlər həyata keçirilir. Xüsusilə də yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğatı aparılır. Mövzu ilə əlaqədar olaraq, MTM (Media Təhlil Mərkəzi) tərəfindən 23-27 iyul tarixlərində sorğu keçirilib. Sorğuda iştirak edən 565 respondentin 53%-ni qadınlar, 47%-ni kişilər təşkil edib.

Bir neçə variant seçmək imkanına malik olan respondentlər “Sizin üçün sağlam həyat tərzi nədir?” sualına aşağıdakı kimi cavab veriblər.

Meyvə-tərəvəz qəbul etmək – 58,4%;

“Fast food”dan uzaq olmaq – 19,6%;

İdmanla məşğul olmaq – 71,3%;

Siqaret və spirtli içkidən imtina etmək – 46,5%;

Bol maye qəbul etmək – 38,1%;

Sağlam yuxu rejimi – 54,9%.

Növbəti sualla respondentlərin sağlam həyat tərzinə nə dərəcə riayət etdini müəyyənləşdirmək olub. Cavab verənlərin 24,6%-i sağlam həyat tərzinin qaydalarına riayət etdiyini, 66,2%-i bu qaydalara əməl etməyə çalışdığını, amma bəzən alınmadığını qeyd edib. İştirakçıların 5,1%-i pis vərdişlərinə görə sağlam həyat tərzinin qaydalarına riayət edə bilmədiyini, 4,1%-i isə ümumiyyətlə riayət etmədiyini bildirib.

Respondentlərin sağlam qidalanmada önəm verdiyi və riayət etdiyi məqamlara gəlincə, bununla bağlı suala bir neçə variantı seçmək imkanına malik olan sorğu iştirakçılarının 65,5%-i ev yeməklərinə üstünlük verdiyini vurğulayıb.

Cavab verənlərin 54,5%-i bol meyvə və tərəvəz qəbul etdiyini, 23,5%-i hazır yeməklərdən uzaq olmağa çalışdığını, 19,8%-i yağlı yemək yemədiyini, 55%-i bol maye qəbul etdiyini, 23,5%-i isə qida saatlarına diqqət etdiyini söyləyib.

Respondentlərin 37,2%-i həftədə 2-3 dəfə, 35,4%-i ayda bir neçə dəfə idmanla məşğul olduğunu qeyd etsə də, 4,6%-ni idmanla peşəkar şəkildə məşğul olduğunu,  22,8%-i isə məşğul olmadığını bildirib.

İştirakçıların 15,2%-i gün ərzində 6 saatdan az, 71,9%-i 6-8 saat, 12,9%-i isə 8 saatdan çox yatdığını qeyd edib.

Respondentlər içməli su təminatı və yaşadıqları ərazinin yaşıllıq səviyyəsi ilə bağlı suallara da cavab veriblər. Yaşadığı mənzilin içməli su təminatından razı olanlar iştirakçıların 41,1%-ni, narazı olanlar 43%-ni, içməli suyu sifarişlə aldığını qeyd edənlər isə cavab verənlərin 15,9%-ni təşkil edib.

Sorğu iştirakçılarının 53,6%-i yaşadığı ərazinin yaşıllıq səviyəsindən razı, 46,4%-i narazı olduğunu vurğulayıb.

Sorğuda iştirak edən respondentlərin 45%-i Bakı və Abşeron-Xızı, 55%-i isə digər regionlardan qatılıblar.

Naxçıvan və Şərqi Zəngəzur iqtisadi rayonları istisna olmaqla, yaşıllıq səviyyəsindən ən çox Gəncə-Daşkəsən (75,9%), ən az isə Abşeron-Xızı iqtisadi rayonunun sakinləri (33,3%) razı qalıb.