SOSİUM

05 Avqust

Ailə quran cütlüklər nikah müqaviləsi bağlamalıdırmı?

Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanılması, bir-birilərinin gəlirlərində və xərclərində iştirak qaydaları ilə bağlı hüquq və vəzifələri, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər.

Ümumilikdə statistik məlumatlara nəzər salsaq, nikah müqavilələrində artım müşahidə edə bilərik. Ancaq bununla belə, o qədər də qənaətbəxş rəqəmlər deyil. Belə ki, Dövlət Statistika Komitəsinin yaydığı hesabata əsasən 2019-cu ildə 63869 nikah qeydə alınsa da, onlardan yalnız 129-da nikah müqaviləsi, 2020-ci ildə 35348 nikahdan, 151-də nikah müqaviləsi, 2021-ci ilin ilk üç ayında isə 10334 nikahdan yalnız 28-də nikah müqaviləsi imzalanıb.

Qeyd edək ki, nikah müqaviləsi yalnız yazılı formada bağlanılır və notarial qaydada təsdiq olunur. Nikah müqaviləsi bağlandıqdan sonra heç bir tərəf onun icrasından boyun qaçıra bilməz. Lakin nikah müqaviləsi tərəflərin razılığı ilə istənilən dövrdə dəyişdirilə, yaxud ləğv edilə bilər və bu razılıq yazılı formada olmalıdır. Nikah müqaviləsinə xitam verildiyi halda, ər-arvadın müqavilədə nəzərdə tutulan hüquq və vəzifələrinə də xitam verilir.

Bəs nikah müqaviləsi niyə bağlanmalıdır?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə  açıqlamasında bildirib ki, nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxt bağlana bilər: "Bu müqavilə ilə ər-arvadın birgə mülkiyyəti qanunla müəyyən olunan rejimi dəyişərək ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ər-arvadın hər birinin əmlakına birgə, paylı və ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər”.

Nikah müqaviləsinin bağlanılması məcburidirmi?

Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Rəşad Əliyev “Report”a açıqlamasında deyib ki, Azərbaycanda nikah müqaviləsinin bağlanması məcburi xarakter daşımır və qanunvericilikdə tövsiyə xarakterlidir: "Yeni ailə quranlar əvvəlcədən nikah müqaviləsi bağlamağı mental olaraq qəbul etmir və bunu nikahın daimi olacağına şübhə ilə yanaşmaq tərzində qəbul edirlər. Hətta bir tərəf bu istəkdə olsa belə qarşı tərəfə deməyə çəkinir ki, gələcəkdə baş verməsi ehtimal edilən boşanmanın yaratdığı nəticələri düşündüyü üçün onu etibarsız adam hesab edərlər. Halbuki nikah müqaviləsinin bağlanması tərəfləri gələcəkdə baş verəcək və bəzən illərlə məhkəmələrdə davam edən mübahisələrin yaranmasından sığortalayır və tərəflərin gələcək sosial təminatının qarantı kimi çıxış edir.

Nikah müqaviləsi hansı halda pozula bilər?

Nikah müqaviləsi ər-arvadın razılığı ilə istənilən vaxt yazılı formada və notariat qaydasında dəyişdirilə və pozula bilər. Müqavilənin icrasından birtərəfli qaydada imtina etməyə yol verilmir. Ərin və yaxud arvadın tələbinə əsasən məhkəmənin qətnaməsi ilə nikah müqaviləsi Mülki Məcəllədə müqavilələrin dəyişdirilməsi və ya pozulması üçün nəzərdə tutulmuş əsaslarla dəyişdirilə bilər. Nikah müqaviləsi pozulduqdan sonrakı dövr üçün isə nəzərdə tutulan vəzifələr istisna olmaqla nikaha xitam verilməsi anında nikah müqaviləsinə də xitam verilmiş hesab edilir. Nikah müqaviləsi Mülki Məcəllə ilə əqdlərin etibarsız hesab edilməsi üçün nəzərdə tutulmuş əsaslarla məhkəmə tərəfindən tamamilə və ya qismən etibarsız sayıla bilər. Bir halda ki, həmin müqavilə bağlanarkən aşkar surətdə digər tərəfin hüquqları pozulmuş olsun.

© Report