Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının açılışında iqtisadi fəallığın artırılması, ölkəyə investisiyaların gətirilməsi, təşviq edilməsi, eyni zamanda, investisiya mühitinin yaxşılaşdırılması istiqamətində işlərin görülməsi məsələlərini aktuallaşdırıb. Bunun xarici siyasət istiqamətində görəcəyimiz ən vacib işlər kateqoriyasında olduğunu bir daha vurğulayıb, diplomatik korpusun bu istiqamətdə daha çox çalışmasının vacibliyini dilə gətirib. Xaricdəki təmsilçilərimiz həmin ölkədə olan iqtisadi mühiti daha dərindən analiz etməlidirlər. Burada sahibkarların istəklərini, regiona maraqlarını və bölgəyə sərmayə yatırımı ilə bağlı onların sorğularını dərhal cavablandıraraq təşviq olunması istiqamətində çevik fəaliyyət proqramı tərtib edib, real işlər görməlidirlər. Ona görə də bu istiqamətdə atılan bütün addımlar əslində onların fəaliyyətləndirmə meyarı olacaq. Çünki bu günədək sadəcə diplomatik fəaliyyətlə, onun müəyyən istiqamətləri ilə məşğul olan xarici nümayəndəliklərimiz indi Azərbaycanın iqtisadi imkanlarının daha səmərəli şəkildə xarici investorlara açılması problemində öz köməklərini göstərməlidirlər. Bunu da bir vəzifə borcu kimi anlamalıdırlar.
Bunu AZƏRTAC-a açıqlamasında Böyük Qurtuluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa bildirib.
Son illərdə Azərbaycan tərəfindən infrastruktur layihələrinə çox böyük sərmayə qoyulduğunu qeyd edən deputat deyib: “İnfrastrukturla bağlı keyfiyyətcə xeyli müsbət işlər görülüb. Hökumətlərarası komissiyalar Azərbaycanın yeni reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə daha aydın şəkildə təbliğat şəbəkəsini genişləndirməlidirlər. Bütün bu istiqamətlərdə düşünüldüyü kimi xüsusi çalışmalar reallaşdırılmalıdır. Xarici ölkələrdə fəaliyyət göstərən bütün səfirliklərimiz orada olan azərbaycanlı iş adamlarının da fəaliyyətinin tənzimlənməsinə köməklik göstərməlidirlər.
Azərbaycanlı iş adamlarının xarici ölkələrdə sərmayə yatırmasını, müəyyən fəaliyyətlər göstərmələrini stimullaşdırmaq çox vacib bir addımdır. Buna ölkənin iqtisadi potensialının güclənməsinə xidmət edən vasitə kimi baxılmalıdır. İşğaldan azad olunmuş ərazilərə xarici investorların cəlb olunması üçün buradakı real mənzərə və əlverişli şərtlər daha çox diqqətə çatdırılmalıdır və təşviq edilməlidir. Çünki bölgə ilə bağlı məlumatlar yetərli səviyyədə deyil. İş adamı da dəqiq informasiya olmayanda bu mühitdə özünü hər hansı bir şəkildə iştirakçı olaraq, aktiv fəaliyyət göstərən subyekt kimi görə bilmir”.
Deputat vurğulayıb ki, Ələt Azad İqtisadi Zonasının inkişafı üçün doğru təbliğat istiqaməti götürülsə və əlimizdə olan imkanlarında maksimum istifadə edilsə, böyük nəticələr əldə oluna bilər. Çünki bu, bizim üçün bir yenilikdir. Bu addım iqtisadi canlanmanı təşviq etmək üçün cəlbedici bir variantdır. Orada dövlət tərəfindən qoyulan investisiyalar, məhkəmə və hüquq-mühafizə formatında hər hansı şəkildə iqtisadi proseslərə müdaxilənin yolverilməzliyi bu inkişafı müəyyən dərəcədə stimullaşdırır. O baxımdan da bura yönəlik fəaliyyətlərin də intensivləşməsi, canlandırılması ölkə iqtisadiyyatına əhəmiyyətli şəkildə müsbət təsirini göstərəcəkdir. Burada məhkəmə orqanlarının da üzərinə xeyli yük düşür. Yəni iqtisadi həyatın canlanması məhkəmə orqanlarının məhz mülkiyyət istiqamətində, onun qorunmasında daha həssas qərarlar çıxarmasını zəruri edir.