SOSİUM

12 İyul

Məzuniyyətdə olan işçini əvəz edənlərə ödəniş edilməlidir – EKSPERT

Məzuniyyətə çıxan işçini əvəz edən əməkdaşa vəzifə maaşının yarısından az olmayan məbləğdə ödəniş edilməlidir.

Bunu ARB24-ün “Azwork” verilişinə açıqlamasında İnsan resursları mütəxəssisi Aysel Novruzova deyib. O bildirib ki, adətən məzuniyyətə çıxan işçinin əvəzedilməsi ilə bağlı problemlər olur:
“Məzuniyyətə gedən şəxs onu əvəz edənə öz işini başa salmalı və öyrətməlidir. Bu isə bir qədər vaxt itkisi olduğu üçün bəzən onu etmirlər.  Bəzən də praktika göstərir ki, işçilər məzuniyyətə çıxan şəxsi əvəz etməkdən yayınırlar. Çünki ya bunun qarşılığı ödənmir, ya da az ödənir. Boş vəzifə funksiyanı əvəz edən işçiyə vəzifə maaşının yarısından az olmayan məbləğdə ödəniş edilməlidir. Qanunvericilikdə bu məbləğin ödənilməməsi ilə əlaqədar cərimələr mövcuddur. Lakin qanunvericilikdə oxşar funksiyalı vəzifəni 3 aydan artıq əvəz etməyə icazə verilmir, ya yeni işçi götürülməli və ya iki vəzifə birləşdirilməli, işçinin əmək müqaviləsinə müəyyən dəyişikliklər edilməlidir. Boş vəzifənin yarı maaşı da həmin işçiyə ödənilməlidir”.