SOSİUM

12 İyul

Qadınlara hamiləlik müddətində nə qədər məzuniyyət verilir? – AÇIQLAMA

Qadınlara hamiləlik müddətində doğuşdan 70 gün əvvəl məzuniyyət hüququ verilməlidir.

Bunu ARB24-ün “Azworks” verilişinə açıqlamasında vəkil İntiqam Hacıyev deyib. O bildirib ki, qadınlara hamiləlik müddətində və doğuşdan sonra sosial məzuniyyət verilməlidir:

“Eyni zamanda uşaqların təminatları ilə bağlı qismən ödənişli sosial  məzuniyyətlər də olur. Bu gün praktikada 70 günlük məzuniyyətdən  istifadə edən işçilərin sayının kifayət qədər az olduğunu görürük. Hətta doğuşa 1 həftə qalanadək işləyirlər. Bu, onların özü və dünyaya gələcək uşağın sağlamlığı üçün təhlükəlidir. Sosial məzuniyyətə çıxmaq istəyən işçi işəgötürənə ərizə ilə müraciət etməli və işəgötürənin də vəzifəsidir ki, doğuşdan əvvəl 70 gün, doğuşdan sonra isə 56 gün ona məzuniyyət versin. 56  gün bitdikdən sonra əlavə müddətə ehtiyac olarsa, ananın hüququ var ki, qismən ödənişli sosial məzuniyyətə çıxsın. Artıq uşağın 3 yaşına kimi qanunvericilikdə ananın işə gəlməmək hüququ var. Lakin onlar maaşını tam deyil, qismən alacaqlar. İşçi bu 3 illik məzuniyyəti hissə-hissə də götürə bilər. Məzuniyyət dövründə isə işəgötürən işçini işdən çıxara, əməkhaqqısını aşağı sala və vəzifəsini dəyişə bilməz”.