Müharibə illərində Bakıda 130-dan çox növdə silah və döyüş sursatı istehsal edilirdi. Müəssisələrdə və kolxozlarda işləyənlərin təxminən 70%-i qadınlar idi.
Şəxsi vəsaitlərdən müdafiə fonduna 15 kq. qızıl, 952 kq. gümüş, 320 mln. rubl verilib. Cəbhəyə 1,6 mln.-dan çox zəruri mal və 125 vaqon isti geyim göndərilib. Yalnız Leninqrad üçün 1942-ci ilin yayına qədər Bakı müəssisələri 2 vaqon qara kürü, 40 ton meyvə qurusu, 12 vaqon tomat-püre və şirə, qara ciyər ekstraktı, hematogen, jelatin və digər qida məhsulları, habelə medikamentlər və sarğı vasitələri göndərilib.
Ölkə qospitallarında cəbhədə yaralanmış 440 min nəfər müalicə olunub.
Qələbənin təmin edilməsində Azərbaycanın böyük xidmətləri haqqında xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir: "Əgər Bakının nefti olmasa idi, Sovetlər İttifaqının qələbəsi mümkün deyildi". Heydər Əliyev başqa bir çıxışında xalqımızın xidmətləri haqqında demişdir: "Tarix bu gün də bilməlidir ki, İkinci dünya müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur".
Heydər Əliyev 2003-cü ilin 25 fevralında Vaşinqtonda "Şərq-Qərb enerji dəhlizi reallıqdır" mövzusunda beynəlxalq konfransda nitqində demişdir: "Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koaliyasiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı".