“Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait 1 milyard 631,5 milyon manat təşkil edəcək ki, bu da cari ilin proqnozu ilə müqayisədə 442,6 milyon manat və ya 37,2 faiz çoxdur”.
Bunu bu gün Milli Məclisin plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Əmək və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
S. Babayev qeyd edib ki, saxta pensiya və müavinətlərin ləğvi nəticəsində 2020-ci il ərzində 250 milyon manat dövlət büdcəsi vəsaitinə qənaət edilib: “2018-ci ilə qədər dövlət büdcəsindən DSMF-ə transfert 38 faiz təşkil edirdisə, cari ildə bu göstərici 25 faizə düşüb”.
Nazir nəzərə çatdırıb ki, cari il ərzində pensiyaların 10 faizə qədər indeksasiya edilməsi planlaşdırılır: “Alıcılıq qabiliyyəti üzrə minimum və orta pensiya məbləği MDB məkanında ən yüksəkdir”.
S. Babayev deyib ki, nazirlik tərəfindən 30 arayış elektron qaydada verilir: “Pensiya və müavinət sistemində islahatlar barədə təkliflər də hazırlanıb, müzakirənizə təqdim ediləcək”.