SOSİUM

23 Dekabr

Aktuar riyaziyyata dair yeni kitab 

Bakı 23 dekabr Fins.az

Bir müddət əvvəl respublikamızda aktuar riyaziyyata dair yeni kitab çapdan çıxmışdır. Kitab “Həyat sığortası riyaziyyatı” adlanır və “AVROPA” nəşriyyatında çap olunmuşdur. Kitabın müəllifi fizika-riyaziyyat elmləri namizədi Tofiq Rəhim oğlu Məmtiyevdir. Qeyd edək ki, bu kitab T.R.Məmtiyevin aktuar riyaziyyata dair ikinci kitabıdır. Birinci kitab “Həyat sığortasının  riyazi-demoqrafik əsasları” adlanır və 2017-ci ildə çap olunmuşdur.

Müxbirimiz bu günlərdə T.R.Məmtiyev ilə görüşmüş və kitab barədə onunla söhbətləşmişdir. Kitab 10 fəsildən ibarət olmaqla, 726 səhifədir. Kitabda aktuari fəaliyyətinin yaranması və inkişafından, aktuar təhsildən, həyat sığortası və sığorta annuitetləri üzrə xalis sığorta haqlarının və xərclər nəzərə alınmaqla sığorta haqlarının hesablanmasından, xalis sığorta haqları ehtiyatının hesablanması metodlarından və onun analizindən, xərclər ehtiyatı nəzərə alınmaqla sığorta haqları ehtiyatının hesablanmasından və onunla bağlı məsələlərdən, həmçinin həyatın birgə sığortası üzrə aktuar hesablamalardan bəhs olunmuşdur.  

Kitabda diqqət çəkən məqamlardan biri aktuar təhsil barədə ayrıca bir fəslin (II Fəsil) olmasıdır. Həmin fəsildə aktuar təhsil haqqında ümumi məlumat verilmiş, Böyük Britaniyanın  Aktuarilər  İnstitutu və Fakultəsinin  və Amerika Birləşmiş Ştatlarının  Aktuarilər  Cəmiyyətinin   aktuar təhsillə bağlı təcrübəsindən (mövcud imtahan sistemi göstərilməklə), həmçinin  universitetlərdə aktuarilərin hazırlanmasından bəhs olunmuşdur. Uiversitetlərdə aktuarilərin ilkin olaraq hazırlanmasına dair nümunələr kimi Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsində və Türkiyənin Hacettepe Universitetində aktuar təhsilin qurulması və həyata keçirilməsi ilə bağlı mövcud olan təcrübələr göstərilmişdir. Müəllif həmin fəslin sonunda aşağıdakı nəticəyə gəlmişdir:

“Aktuar təhsilin qurulması və inkişaf etdirilməsi ilə bağlı çox böyük beynəlxalq təcrübə, xüsusilə də peşəkar aktuar birliklərin təcrübəsi mövcuddur. Həmin təcrübədən istifadə edərək respublikamızın ali məktəblərində aktuar təhsili qurmaq və yerli Aktuarlar Assosiasiyası   tərəfindən aktuar kurslar keçirmək olar. Bu işlərin həyata keçirilməsi zamanı tədris prosesinə yerli ali məktəblərin müəllimləri ilə yanaşı yerli aktuarilərin də cəlb olunması məqsədəuyğundur.”

Müəllif müxbirimizlə söhbətində aşağıdakıları da qeyd etmişdir:

“Kitabın III-X Fəsillərində göstərilən mövzular aktuar təhsilin çox yaxşı inkişaf etmiş olduğu ölkələrin (Amerika Birləşmiş Ştatları, Kanada, Böyük Britaniya və s.) universitetlərində gələcək aktuarilərin ilkin olaraq hazırlanması üçün tədris olunan əsas kurslardan birinin - Long-Term Actuarial Mathematics (LTAM) və ya “Life Contingencies” (LC) kursunun müvafiq mövzularına təxminən uyğundur. Kitabda nəzəri materialla yanaşı çoxlu sayda misal həlli göstərilmişdir. Oxucuların müstəqil çalışması və öz biliklərini artırması üçün kitabın müvafiq fəsillərinin sonunda çalışmalar verilmişdir. Kitabda göstərilən materialı mənimsəmək üçün oxucu riyazi analizin və  ehtimal nəzəriyyəsinin əsaslarını bilməlidir.

Kitabdan ali məktəb müəllimləri, bakalavrlar, magistrlər, doktorantlar və aktuarilər istifadə edə bilərlər.

Kitab Amerika Aktuarilər Cəmiyyətinin “Long-Term Actuarial Mathematics” adlı imtahanına hazırlaşmaq istəyənlər  üçün də faydalı ola bilər. Belə ki, kitabda göstərilən mövzular və çalışmalar yuxarıda qeyd olunan imtahana hazırlaşmaq üçün beynəlxalq təcrübədə çox geniş istifadə olunan kitablardakı (məsələn, N.L.Bowers, H.U.Gerber, J.C.Hickman, D.A.Jones, C.J.Nesbitt. Actuarial Mathematics. Second Edition. Society of Actuaries. USA. 1997. 753 p., Marcel B. Finan. A reading of the theory of life contingency models: A preparation for exam MLC. 2012. - 777 p.) müvafiq mövzulara və çalışmalara təxminən uyğundur.”

Qeyd edək ki, T.R.Məmtiyev 23 il sığorta nəzarəti orqanında (1993-2001-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarətində, 2001-2016-cı illərdə isə Azərbaycan Respublikası Maliyyə Nazirliyində) işləmişdir. O, işlədiyi dövr ərzində iqtisadçı vəzifəsindən şöbə müdiri vəzifəsinədək yüksəlmişdir. 2009-2016-cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətində “Sığorta fəaliyyətinə nəzarət” şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Sığorta nəzarəti orqanının yaranmasının ilk illərindən başlayaraq sığortaçıların (təkrarsığortaçıların) maliyyə sabitliyi və ödəmə qabiliyyətliliyinin qiymətləndirilməsinə dair təlimatların, qaydaların, metodikaların və hesabat formalarının işlənib hazırlanmasında və təkmilləşdirilməsində T.R.Məmtiyevin çox böyük əməyi olmuşdur. O, Azərbaycan Respublikası Maliyyə Nazirliyi sistemində səmərəli fəaliyyətinə və peşəkarlığına görə 9 aprel 2010-cu il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirinin Təşəkkürnaməsi ilə təltif edilmişdir.

T.R.Məmtiyev 2008-2012-ci illərdə Amerika Birləşmiş Ştatları, Kanada və Qazaxstandan dəvət olunmuş ekspertlər tərəfindən respublikamızda tədris edilmiş aktuar kurslarda iştirak etmiş və onları müvəffəqiyyətlə başa vuraraq müvafiq sertifikatlar almışdır. O, həm də pedaqoji fəaliyyətlə məşğul olmuşdir. Belə ki, T.R.Məmtiyev 2008-2015-ci illərdə respublikamızda təkrar olaraq keçirilmiş aktuar kurslarda dərs deyərək, aktuarilərin hazırlanmasında yaxından iştirak etmişdir.

Hazırda T.R.Məmtiyev Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması” mərkəzində sektor müdiri vəzifəsində işləyir. O, həm də Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin Elmi Şurasının üzvüdür.

Ailəlidir, iki övladı var.