SOSİUM

17 Noyabr

Bakı yenə istiliksiz qaldı – SƏBƏB?

“Azəristiliktəchizat” ASC noyabrın 1-dən ölkənin ucqar rayonlarında, noyabrın 15-dən isə Bakı və ətraf ərazilərdə qış rejiminə keçidlə bağlı binalara istiliyin verilməsinə başlayacağını açıqlasa da, vədinə əməl edə bilmədi. Buna səbəb isə illərdir “Azəristiliktəchizat”ın “Azəriqaz”a olan borcu göstərilir. Borc yüksək olduğundan, qazanxanaların qaz təchizatı dayandırılıb.

Təəssüf ki, illərdir iki qurum arasında olan borc qalmaqalının əziyyətini vətəndaşlar çəkir.

Xatırladaq ki, “Azəristilik”in ötənilki borcunu dövlət öz üzərinə götürdükdən sonra əhaliyə istilik verilmişdi. Amma görünən odur ki, problem hələ də davam etməkdədir.

Məsələ ilə bağlı “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov Modern.az-ın sorğusuna cavab olaraq, bildirib ki, ötənilki ödəmələr ötən mövsümlə bağlı idi:

“Hər mövsüm üçün qaz təchizatı var. Əgər istiliyin verilməməsini qaz ala bilmələri ilə əlaqələndirirlərsə, qazanxana, hansı mərkəzləşdirilmiş istilik sistemi olan yeri idarə edən məsul şəxs deyirsə ki, biz qaz ala bilmirik, bunun səbəbini də açıqlaya bilərlər.

Ölkədə kifayət qədər qaz ehtiyatları var. Bu gün sifarişçinin alacağı qazın ödəmələri ilə bağlı öhdəlikləri də üzərinə götürmək şərtilə istənilən sifarişini yerinə yetirməyə hazırıq. Yəni sifarişçi alacağı qazın sərfiyyatına uyğun ödəmələri icra etməlidir. Bu baxımdan, qazanxanalar qazı hansı səbəbdən almadıqlarını yaxşı bilirlər. Buna özləri aydınlıq gətirsələr, daha yaxşı olar”.

Qurum rəsmisi deyib ki, qaz təchizatı ilə bağlı heç bir problem yoxdur:

“Kiçik bir müqayisə aparaq. Bir bina evində məişət üçün istifadə edilən, yəni mətbəxə gələn qaz var. Qaz təchizatı olmasaydı, bina sakininin mətbəxində də ola bilməzdi. Amma həmin binaya istilik verən qazanxana qaz ala bilmir. Burada yaranan sualın cavabını həmin qurumun əməkdaşları açıqlasalar, daha yaxşı olar”.

“Azəristiliktəchizat” ASC-dən məsələyə bir qədər araşdırmadan sonra aydınlıq gətiriləcəyi bildirilib.