Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən idarəetmə və xidmət sahələrinin elektronlaşdırılması proqramının davamı olaraq, daha 7 proaktiv yönümlü e-xidmətin hazırlanması işləri aparılır. İlin sonunadək onların istifadəyə verilməsi nəzərdə tutulur.
Ötən il pensiya və müavinətlər üzrə 21 sosial təminat növünün təyinatı elektronlaşdırılıb. Hazırlanan yeni 7 e-xidmət isə digər bir sıra sosial təminat növlərinin (Milli Qəhrəmanlara və ailə üzvlərinə, müharibə veteranlarına Prezidentin aylıq təqaüdü, ailə başçısını itirməyə görə müavinət, dəfn üçün birdəfəlik müavinət və s.) müraciət olunmasına və sənəd təqdim edilməsinə ehtiyac qalmadan, elektron qaydada, yəni avtomatik təyinatını aparmağa imkan verəcək.
Bu gün Nazirliyin 26-sı proaktiv olmaqla 53 e-xidməti var. 2021-ci ildə onların sayının 100-ə və bununla Nazirlik üzrə xidmətlərin (132 xidmət) elektronlaşma səviyyəsinin 76%-ə çatdırılması hədəflənib.