SOSİUM

13 Noyabr

Muğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulmasına başlanılıb

Ölkə başçısının tapşırıq və sərəncamlarına əsasən, respublikanın dörd bir tərəfində yol infrastrukturunun yenilənməsi və müasirləşməsi prosesi gedir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu prosesin icrası nəticəsində son 5 ildə 6 min km-də çox yol yenidən qurulub və təmir edilib. 

Agentlikdən bildirilib ki, yenidən qurulub təmir edilən yolların təqribən 1500 km-i respublika əhəmiyyətli avtomobil yollarıdır.

Bu ildə də icra edilən yol infrastrukturu layihələri arasında respublika əhəmiyyətli avtomobil yolları xüsusi çəkiyə malikdir.  Bu baxımdan əhalinin rahat  gediş-gəlişində xüsusi əhəmiyyətə malik Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsinin yenidən qurulmasına başlanılması bunun bariz nümunəsidir.

Adıçəkilən yolun layihəsi bu ilin iyulun 29-da İsmayıllı rayonunun Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolunun açılışı zamanı ölkə başçısı İlham Əliyevə təqdim olunub.

Muğanlı-İsmayıllı avtomobil yolu paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yoldur. Mürəkkəb relyef şəraitində tektonik hərəkətlərin baş verdiyi 9 ballıq aktiv seysmik zonada yerləşən, atmosfer sularının təsirindən sürüşməyə meylli gillicə qruntlarının üstünlük təşkil etdiyi dağ yamaclarından keçən mövcud yolda vaxtaşırı torpaq sürüşmələri baş verir. Hər il uzunluğu 40 km olan bu yolu sürüşmələrdən qorumaq üçün təmir-tikinti işləri aparılmasına, yol uçqunlarının təmizlənməsi və həmin hissələrin yenidən bərpası, qabion divarlarının inşası və s.tədbirlərə baxmayaraq, yolda müəyyən problemlər yaranır. Məhz bu səbəbdən Prezident İlham Əliyev yolun uzunömürlü və davamlı olması, sürüşkən ərazilərdə tikinti işlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı tapşırıqlarını verib.

Qeyd edək ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən layihələndirilib.

Ümumi uzunluğu 85,6 kilometr olan bu yol yenidənqurma nəticəsində 9 kilometr qısalaraq 76.6 kilometr təşkil edəcək. Mövcud 2 zolaqlı  avtomobil yolu genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.

Trassa üzərində 8 ədəd körpü vardır. Bunlardan 5 ədəd mövcud körpü 4 zolağa uyğun genişləndiriləcək , 3 ədəd körpü trassanın dəyişdirilmiş yeni ox üzərində yenidən 4 zolağa uyğun layihələndirilib tikiləcək.

Layihənin əsas məqsədlərinə aşağıdakılar daxildir:

- Hərəkət şiddəti və yolun yükgötürmə qabiliyyətinin yaxşılaşdırılması

- Yol-nəqliyyat hadisələrinin, səyahət müddətinin və nəqliyyat xərclərinin azaldılması

- İqtisadi artımın sürətləndirilməsi və qonşu ölkələrlə ticari münasibətlərin inkişafına təkan verilməsi

- Sürücülər və yerli əhali üçün yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi

- Avtomobil yolunun keçdiyi ərazilərdə, regionun potensial imkanlarının genişləndirilməsi

- Regionda turizmin inkişafı.