Azərbaycan və region dövlətləri üçün mühüm əhəmiyyət kəsb edən və ölkəmizin tranzit potensialının artırılması istiqamətində önəmli layihə olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin açılışından 3 il ötür. Belə ki, 2017-ci ilin bu günü Azərbaycanın Prezidenti İlham Əliyev, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın sabiq Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın sabiq Baş naziri Giorgi Kvirikaşvilinin və Orta Asiya ölkələrinin nümayəndələrinin iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında BTQ-nin təntənəli açılış mərasimi keçirildi.
Fins.az “MediaPost”a istinadla xəbər verir ki, Azərbaycanın moderatorluğu ilə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolu yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin edir. Layihənin məqsədi region ölkələrinin tranzit potensialının artmasına, Avropaya inteqrasiya proseslərinin sürətlənməsinə və Avropa ilə əməkdaşlığın daha da inkişafına təkan verməkdir.
Layihənin üçilliyində Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyəti və gələcək perspektivləri ilə bağlı “MediaPost” bir sıra ekspertlərin fikrini öyrənib.
Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti böyük perspektivlər vəd edən layihədir: “BTQ ilə bu illər ərzində yük daşıma artan temp ilə davam edir və qoşulan ölkələrin sayı artır. Qoyulan hədəf ilkin mərhələdə təqribən 6,5 mln. ton yük və 1 milyon sərnişin idi. Türkiyə tərəfi qeyd etmişdi ki, hazırda layihənin günlük 3500 ton yükaşırma qabiliyyəti var. Layihənin üstünlüklərindən biri Azərbaycanla Türkiyə arasında birbaşla dəmiryolu əlaqəsi qurmaqla, ölkəmizin Aralıq dənizi limanları və Avropa ilə birbaşa dəmiryolu əlaqəsini yaratmaqdır. Digər tərəfdən BTQ Avropa dövlətləri ilə Mərkəzi Asiya arasında əlaqə yaratmaqla, Çin ilə Cənubi, Mərkəzi və Şərqi Avropa ölkələri arasında ən qısa dəhliz rolunu oynayır”.
Ekspertin sözlərinə görə, 2018-ci ildən etibarən layihə yeni perspektivlər vəd edir: “Belə ki, Qars-İğdır-Sədərək-Naxçıvan dəmir yolunun tikintisi layihəsi müzakirə olunur və 2019-cu ildən bu məsələ artıq gündəmə gəlib. Bu da Naxçıvanı blokada şəraitindən çıxararaq, tranzit imkanlarını artıracaq. Həmçinin BTQ-yə qoşulan ölkələrin sayı da artır. Artıq Özbəkistan da öz məhsullarının BTQ vasitəsilə çıxarılmasını hədəfləyib və daşıyır. Bir neçə blok qatarlar artıq Çin istiqamətindən üzü Avropa və Türkiyə istiqamətində daşınıb. Eləcə də, Mərkəzi Asiya ölkələri istiqamətində daşınmalar həyata keçirilir”.
Bununla bərabər, BTQ digər dəhlizlərlə inteqrasiya olunur. R. Ağamirzəyevin sözlərinə görə, “Lapis Lazuli” nəqliyyat dəhlizini burada qeyd etmək olar: “Bu layihə ilk növbədə Əfqanıstanı və Türkmənistanı keçməklə Qara dəniz limanlarına və Marmara layihəsi vasitəsilə Türkiyə üzərindən Avropaya çıxışı təmin edir. BTQ-nin digər dəhlizlərlə inteqrasiyasından danışdıqda, Cənub-Qərb dəhlizini də qeyd edə bilərik. Burada Fars körfəzində yerləşən İran limanlarından gələn yüklərin Qara dəniz limanları ilə əlaqələndirilməsi nəzərdə tutulur. Şimal-Qərb dəhlizi ilə inteqrasiyada isə BTQ vasitəsilə Rusiyadan gələn yüklərin Azərbaycan və Gürcüstan ərazisini keçməklə Türkiyəyə daşınması həyata keçirilir. Dəhliz Azərbaycanın regionda geosiyasi və nəqliyyat-logistik cəhətdən önəmini artırır, şərq və qərbi birləşdirən dəhliz rolunu oynayır. Gələcəkdə də Gürcüstan ərazisində gedən bəzi rekonstruksiya və Azərbaycan ərazisində gedən siqnalizasiya və işarəvermə işlərinin tamamlanmasından sonra bu, birbaşa sürətə təsir edəcək və yükdaşımanın artmasına səbəb olacaq. Pandemiya səbəbindən hazırda sərnişindaşıma dayandırılıb, lakin ilin sonuna qədər Türkiyədə icra olunan Ankara-Sivas yüksək sürətli dəmiryol xətti istifadəyə verildikdən sonra, o da BTQ-yə inteqrasiya olunacaq və bununla da Bakıdan İstanbul və Ankara istiqamətində sərnişin qatarlarının hərəkətinin açılmasına səbəb olacaq. BTQ ilə bağlı perspektivlər genişdir və ölkəmiz gələcəkdə bu layihədən daha çox fayda götürəcək”.
Türkiyənin Boğaziçi Universitetinin professoru Gürkan Kumbaroğlu bildirdi ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avrasiya coğrafiyasında iqtisadi inteqrasiyanın önünü açan mühüm layihədir:
“Bu gün Avropa Birliyinin iqtisadi uğurunun təməlində dəmiryolu inteqrasiyası dayanır. Çünki AB-nin qurulması inkişaf etmiş və qarşılıqlı əlaqəli dəmir yolu şəbəkəsinin yaradılması ilə sürət qazanıb. Bakı-Tbilisi-Qars dəmir yolu xətti də Avrasiya coğrafiyasında iqtisadi inteqrasiyanın önünü açan mühüm layihədir. Beynəlxalq dəmir yolu layihəsi yük daşınmasını asanlaşdıraraq ticarəti inkişaf etdirir, sərnişindaşımada yaratdığı fürsətlərlə turizmin inkişafına şərait yaradır və regional inteqrasiyaya yol açır. Bu çərçivədə, BTQ dəmir yolu xəttinin həm yük, həm də sərnişin nəqliyyatında gələcək perspektiv kimi intensiv istifadəsini təşviq edəcək qaydaların tətbiqinə ehtiyac var. Həmçinin Qars vasitəsilə Avropa ilə əlaqəni təmin edəcək “Dəmir İpək Yolu” və logistika mərkəzinə investisiyaların həyata keçirilməsi də vacibdir”.
Ekspert gələcək perspektiv kimi Qars-Naxçıvan dəmir yolu layihəsinin başa çatdırılmasına da böyük əhəmiyyət verdiyini deyib: “Bu dəmir yolu sayəsində Naxçıvana açılan ixracat qapısı muxtar respublika üçün siyasi blokadanı aradan qaldırmaq və əlaqələri genişləndirmək baxımından vacibdir”.
Azərbaycan Texniki Universitetinin Dəmiryol nəqliyyatının istismarı kafedrasının texnika üzrə fəlsəfə doktoru Elşən Manafov açıqlamasında bildirdi ki, Orta Asiya, xüsusən Çində istehsal olunan malların Avropaya çatdırılması üçün BTQ xəttin böyük rolu var: “Yüklər əsasən Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarından bərələrlə Bakı Ələt Limanına çıxır və oradan dəmir yolu vasitəsilə birbaşa Avropaya yüklərin nəqli həyata keçirilir. Bu marşrut digər marşrutlardan fərqli olaraq daha qısadır və vaxt qazanmaq baxımından üstünlüyə malikdir. Daha əvvəl bu yüklər dəmir yolu ilə Gürcüstanın limanlarına çatdırılır, oradan gəmilərlə Avropaya və digər ölkələrə daşınırdı. Bu zaman yükləmə və boşalma prosesində hər dəfə su və quru nəqliyyatına keçid həm vaxt aparır, həm də əlavə xərc tələb edirdi. Lakin BTQ-nin istismara verilməsi bu problemi aradan qaldırmaqla yeni perspektivlər vəd edir. Dəmir yolu xətti tam gücü ilə çalışdıqdan sonra yükdaşımaların artırılması gözlənilir”.
E. Manafovun sözlərinə görə, layihə Azərbaycan üçün tranzit yük axınının çoxalmasına və əlavə gəlirlərin formalaşdırılmasına səbəb olur: “BTQ-nin Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında böyük rolu olacaq və yükdaşımaların həcmi artdıqca Azərbaycanın dəmir yollarına faydası da çoxalacaq. Bu xətt ilə sərnişindaşımaların həyata keçirilməsi planlaşdırılır. Belə ki, Bakı-İstanbul-Ankara marşrutu üçün sərnişin vaqonları da alınıb. Hesablamalara görə, BTQ tam gücü ilə işləməyə başladıqdan sonra gəlirlərdə 25-50% artım gözlənilir”.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin uzunluğu 826 kilometrdir və xətt Azərbaycanın paytaxtı Bakı şəhərindən Gürcüstanın Tbilisi və Axalkalaki şəhərinə, oradan Türkiyənin Qars şəhərinə gedir.