Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Şəki və Oğuz rayonlarında yeni inşa olunmuş fərdi yaşayış evləri şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.
Nazirlikdən verilən məlumata görə, iki rayonda ümumilikdə 24 ev (o cümlədən Şəkidə 9, Oğuzda 15 ev) təqdim edilib. Oğuzun Gənclik qəsəbəsində keçirilən tədbirdə Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Oğuz rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Yusifov iştirak ediblər.
Qeyd edilib ki, dövlət başçısının tapşırığı əsasında şəhid ailələrinin, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş vətəndaşların mənzillə təmin olunması tədbirləri uğurla davam edir. 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, bu gün təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 688 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 134 fərdi ev) verilib. Digər evlər, mənzillər də ilin sonunadək veriləcək.
Ümumilikdə ötən dövrdə 8276 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim edilib.