Artıq məlum olduğu kimi, 2019-cu il müasir Azərbaycanın tarixinə köklü islahatlar ili kimi daxil olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə keçən il aparılan genişmiqyaslı siyasi, iqtisadi və sosial islahatlar dönməz xarakter alıb, ölkə yeni inkişaf mərhələsinə qədəm qoyub.
Bütün bunlar barədə aprelin 9-da Milli Məclisdə Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyətinə dair hesabatında söhbət açıldı. Baş Nazir Əli Əsədov hesabat məruzəsini hazırkı pandemiya dövrü ilə əlaqədar videoyazı şəklində təqdim etsə də, ölkənin sosial-iqtisadi inkişafı, görülmüş işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verdi.
Baş nazir xüsusilə vurğuladı ki, Nazirlər Kabineti Azərbaycan Prezidenti İlham Əliyevin yeniləşmə və islahatlar istiqamətində atdığı addımlar fonunda öz fəaliyyətini daim təkmilləşdirməyə, dövlət idarəçiliyinin modernləşdirilməsini nəzərdə tutan siyasi qərarların ardıcıl və səmərəli icrasına çalışır. Hesab edirəm ki, bu, Azərbaycanda islahatlar dövrünün mühüm göstəricisidir.
Baş nazir bildirdi ki, son illərdə Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək artımın təmin edilməsi, ixrac imkanlarının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində əsaslı tədbirlər həyata keçirilib. Nəticədə Azərbaycan Dünya Bankı tərəfindən 2020-ci il üçün dərc olunan “Doing Business” hesabatında ən islahatçı 20 ölkə sırasında yer alıb. 2019-cu ildə makroiqtisadi sabitlik və dayanıqlı iqtisadi artım təmin edilib. 2018-ci illə müqayisədə ümumi daxili məhsul real ifadədə 2,2 faiz, sənaye məhsulu istehsalı üzrə isə 1,8 faiz artıb. Hesabat ilində əlavə dəyər istehsalı qeyri-neft sektoru üzrə 3,5 faiz, qeyri-neft sənayesi üzrə 14,9 faiz çox olub.
Hesabatda göstərildi ki, keçən il ölkədə işsizliyin səviyyəsi ən aşağı həddə düşüb – 4,8 faiz təşkil edib. Perspektiv dövrdə məşğulluq siyasətinin daha da gücləndirilməsi iqtisadi və sosial siyasətin ən mühüm vəzifəsi kimi diqqət mərkəzində saxlanılacaq. 2019-cu ildə əhalinin nominal gəlirləri 7,4 faiz artıb. Orta aylıq nominal əməkhaqqı isə 16,6 faiz artaraq 635 manat təşkil edib.
Əlbəttə, bütün bu və digər göstəricilər iqtisadi tərəqqi nəticəsində əldə olunub. İqtisadi uğurlar isə Prezident İlham Əliyevin rəhbərliyi və birbaşa təşəbbüsü ilə həyata keçirilən islahatlar nəticəsində qazanılır. Ümid edirik ki, Nazirlər Kabineti bu islahatlarla bağlı qərarların icrası istiqamətində işlərini bu il də uğurla davam etdirəcək. Bu fikri parlamentə hesabatında Baş Nazir də təsdiq etdi.
Vəkil HÜSEYNOV, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru