SOSİUM

24 Mart

Azərbaycanda maliyyə sektorunun işçi bazası 12% artıb

Bu il fevralın 1-i vəziyyətinə Azərbaycanda muzdla işləyənlərin 28,3 min nəfəri maliyyə və sığorta fəaliyyəti ilə məşğul olub.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu sahədə işçilərin sayı 3,1 min və ya 12,3% artıb. İşçilərin 5,3 min nəfəri və ya 18,7%-i dövlət, 23,0 min nəfəri və ya 81,3%-i isə özəl sektorda işləyib. Ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,4% və 12,8% artım qeydə alınıb.

Qeyd edək ki, cari il fevralın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1641,0 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 911,9 min nəfər, qeyri-dövlət sektorunda isə 729,1 min nəfər təşkil edib.

Rəsmi statistikaya əsasən, bu ilin yanvar ayında maliyyə sahəsində orta aylıq nominal əməkhaqqı 1 607,5 manat, o cümlədən dövlət sektorunda 1 567,5, özəl sektorda 1 616,7 manat olub. Beləliklə, maliyyə sahəsində orta aylıq əməkhaqqında illik 7,9% artım qeydə alınıb.