"Vahid mərkəzdən nəzarətin təşkili ilə avtobusların hərəkət intervalları düzgün tənzimlənəcək".
""Son zamanlarda ictimai nəqliyyatda təhlükəsizliyin və rahatlığın təmin edilməsi üçün Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən bir sıra işlər görülür. Mərkəzləşdirilmiş dispetçer xidmətinin tətbiqi də bu işlərdən biridir".
Fins.az xəbər verir ki, bunu Azərbaycan Texniki Universitetinin Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının dosenti Fuad Daşdəmirov BNA-nın sözügedən xidmətinin tətbiqi ilə bağlı danışarkən deyib:
"İctimai nəqliyyata nəzarət mexanizminin gücləndirilməsi və daha yüksək səviyyəyə çatdırılması hazırkı imkanlarla daha çox mümkündür. Çünki avtobuslara görüntülü nəzarət mövcuddur, dispetçetlərin elektron təminatı yüksək səviyyədədir və avtobuslara yeni avadanlıqlar quraşdırılır".
"İnsanların nəqliyyat yorğunluğu ümumi gündəlik yorğunluğunun təxminən 20%-dən artıq olmamalıdır".
F. Daşdəmirovun sözlərinə görə, bütün marşrut şəbəkəsində kartla ödənişin təmin edilməsi həm sürücülərin, həm də sərnişinlərin işini asanlaşdıraraq təhlükəsizliyi artırır: "Çünki nağd ödənişlər həm daha çox vaxt aparır, həm də sürücü-sərnişin ünsiyyətini artırır. Ümumiyyətlə, avtobus sürücülərinin ödəmə prosesindən uzaq durması məqsədəuyğundur. Çünki sərnişin ilə hər hansı mübahisələrin yaranması sürücünün iş rejiminə təsir edə, yorğunluğunu artıra və idarəetmədə səhvlərə yol verməsinə gətirib çıxara bilər".