SOSİUM

15 Yanvar

İddiaçıların sayı 1279 nəfərə çatdı

Bu il fevralın 9 - na təyin olunmuş parlament seçkilərinin çox gərgin keçəcəyi indidən məlumdur. Deputat mandatı qazanmaq istəyənlərin sayının sürətlə artması da bundan xəbər verir. Ekspertlər də qeyd edirlər ki, Azərbaycanın seçki tarixində indiyədək iddiaçıların sayı bu qədər çox olmayıb. Bu, həm də ölkəmizdə seçki prosesinin ildən- ilə təkmilləşdirilməsinin, hər bir kəsə seçmək və seçilmək üçün əlverişli şəraitin yaradılmasının, demokratik ənənələrin inkişafına xüsusi önəm verilməsinin, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsinin dövlətin diqqət mərkəzində saxlanılmasının göstəricisidir.

Mərkəzi Seçki Komissiyasından verilən məlimata görə, deputatlığa namizədliyi rəsmən qeydə alınanların sayı artıq 1279 - a çatıb. Təbii ki, bu, hələ son hədd deyil. Çünki deputat olmaq üçün müraciət edənlərdən 2 min 431 nəfərdən 2 min 247 – si imza vərəqələrini götürüb və əksəriyyəti imza toplayaraq, dairə seçki komissiyalarına qaytarıb. MSK-nın yaydığı məlumatlarda o da bildirilir ki, üç seçki dairəsində namizədliyi irəli sürülən namizədlərin hamısı – 1 saylı Şərur-Sədərək seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 3 nəfər, 3 saylı Babək -- Kəngərli-- Naxçıvan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 3 nəfər,105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 9 nəfər qeydə alınıb.

Ümumilikdə, 87 saylı Ağsu -- İsmayıllı seçki dairəsi indiyədək ən çox deputatlığa namizədlərin qeydə alındığı seçki dairəsidir. Burada indiyədək 24 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Namizədlərin sayı daha çox ola bilər. Çünki parlament seçkilərində iştirak etmək istəyən deputatlığa namizədlərin qeydə alınması prosesi davam edir. Hazırda dairə seçki komissiyalarında təqdim edilən sənədlərdə məlumatların, o cümlədən imzaların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərar qəbul edilməsi mərhələsidir. Seçki Məcəlləsinin tələblərinə əsasən, dairə seçki komissiyaları sənədləri qəbul etdikdən sonra yeddi gün müddətində baxılmalıdır.

Mövcud qanunvericiliyə görə, namizədlərin qeydə alınması prosesi yanvarın 16-da başa çatacaq və yanvarın 17-dən etibarən deputatlığa namizədlərin təbliğattəşviqat kampaniyasına start veriləcək.

Ötən seçkilərdə olduğu kimi, fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilər də beynəlxalq aləmin diqqət mərkəzindədir. Bunun əsas səbəbi müstəqillik tarixi 28 il olan bir respublikanın inkişaf etmiş bir sıra ölkələrə seçki nümunəsi nümayiş etdirməsidir. Hər dəfə respublikamızda keçirilən seçkiləri izləyən beynəlxalq müşahidəçilər şəffaflığın və demokratik prinsiplərin təmin olunmasında yeniliklərlə qarşılaşmaları ilə bağlı ölkəmizin seçki praktikasının yayılması təşəbbüsü ilə çıxış ediblər. Bunu həmin beynəlxalq müşahidəçi və ekspertlərin rəyləri də təsdiqləyir.

Fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərin də yüksək səviyyədə hazırlanıb, geniş aşkarlıq şəraitində azad və ədalətli keçirilməsi üçün nəzərdə tutulan tədbirlər ardıcıl, sistemli və keyfiyyətlə həyata keçirilməkdədir. Seçkilərin beynəlxalq təşkilatların nümayəndələrinin müşayiəti ilə keçirlməsi üçün Azərbaycan parlamentinin üzv olduğu beynəlxalq təşkilatlara, o cümlədən Milli Məclisin üzv olduğu bütün beynəlxaq qurumlara rəsmi müraciət göndərilib. Həmin təşkilatlar sırasında AŞPA, ATƏT PA, MDB PA, QDİƏT PA, TÜRK PA , İƏT PA, və GUAM PA kimi nüfuzlu beynəlxalq qurumlar da var. Artıq bir sıra beynəlxaıq təşkilatların nümayəndələri seçkiyə hazırlıq işləri ilə tanış olurlar.

Müxtəlif statuslu seçki prosesi iştirakçılarının fəaliyyətinin asanlaşdırılması, onlara hərtərəfli kömək göstərilməsi, habelə ictimaiyyətin seçkilərlə bağlı dolğun və operativ məlumatlandırılmasına hədəflənən növbəti layihə çərçivəsində Mərkəzi Seçki Komissiyasının “Seçki - 2020” Müstəqil Media Mərkəzinin yaradılması və fəaliyyətə başlaması qarşıya qoyulan vəzifələrin uğurla icrasından xəbər verir. Mərkəz Milli Məclisə seçkilər dövründə fasiləsiz fəaliyyət göstərəcək.

Göründüyü kimi, hazırlıq prosesi sürətlə və keyfiyyətlə davam etdirilir. Artıq aparıcı beynəlxalq kütləvi informasiya vasitələri fevralın 9 - da keçiriləcək parlament seçkilərinə hazırlıq işlərinin yüksək səviyyədə təşkil olunması barədə məlumatlar dərc edirlər. Pakistanda nəşr edilən “National Herald Tribune” və “Election Times” qəzetlərində dərc olunan məqalələrdə də seçkilərə hazırlığın yüksək səviyyədə olmasından bəhs edilir.

Mərkəzi Asiya ölkələri və Azərbaycan üzrə ekspert, şərhçi Mehmood ul-Hassan Xanın Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı dərc etdiyi məqalədə Azərbaycanın seçkiləri azad və ədalətli şəkildə keçirmək üçün güclü siyasi iradəyə malik və parlament seçkiləri ilə əlaqədar bütün beynəlxalq monitorinq qurumları ilə hərtərəfli əməkdaşlığa hazır olduğu qeyd edilib.

Müəllif regionda, eləcə də bütün İslam dünyasında dünyəvi dövlət nümunəsi kimi tanınan Azərbaycanda həqiqi demokratik seçkilərin ilkin şərti olan fundamental hüquq və azadlığı məhdudlaşdıran hər hansı bir siyasi mühitin olmadığını bildirib. Müəllif, həmçinin son illər ölkəmizdə aparılan köklü islahatlardan da bəhs edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin idarəetmə sistemini təkmilləşdirmək məqsədilə ciddi kadr islahatları apardığını qeyd edib. Müəllif bu islahatların nəticəsi kimi, gənc nəslin bacarıqlı nümayəndələrinin ölkədə yüksək vəzifələrə təyinat aldığını diqqətə çatdıraraq, qarşıdan gələn parlament seçkilərində də gənclərin fəal iştirak edəcəyini vurğulayıb.

Fevralın 9-da keçiriləcək parlament seçkilərini müşahidə etmək istəyən həm yerli, həm də beynəlxalq müşahidəçilər üçün qeydiyyat prosesi davam edir.

Faktlar da təsdiqləyir ki, qarşıdan gələn parlament seçkilərinin aşkarlıq şəraitində keçirilməsi üçün bütün vasitələrdən istifadə olunur