SOSİUM

13 Yanvar

Parlament seçkilərində mübarizə yeni mərhələyə qədəm qoyur

Bu il fevralın 9-na təyin edilmiş parlament seçkiləri yaxınlaşdıqca, deputat mandatı uğrunda mübarizə daha da gərginləşir. Bunu iddiaçıların getdikcə artan sayı da təsdiqləyir. Artıq mübarizə yeni mərhələyə qədəm qoyub. Çünki parlament seçkiləri ilə əlaqədar deputatlığa namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsi müddəti başa çatdı. 

Seçki Məcəlləsinin 58.1, 94.3.1-ci maddələrinə əsasən, namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00- dək namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərini DSK-ya təqdim etməlidir. Bu müddət 2019-cu il dekabrın 21-dən 2020-ci il 10 yanvar saat 18:00-dək olan dövrü əhatə edib.

Hazırda dairə seçki komissiyaları iddiaçılar tərəfindən təqdim olunmuş sənədlərin, toplanmış imzaların yoxlanılması prosesi ilə məşğuldur. Qeyd edək ki, əvvəlki seçkilərdən fərqli olaraq builki parlament seçkilərinə qatılan siyasi partiyaların sayı 24-ə çatıb. Hələlik 934 nəfərin deputatlığa namizədliyinin qeydə alınması (bu, hələ son hədd deyil. Çünki dairə seçki komissiyalarına təqdim olunmuş imza vərəqələrinin yoxlanılması prosesi davam edir) mübarizənin gərginliyindən xəbər verir. Onlardan 267 nəfəri siyasi partiyanın üzvləridir.

Siyasi mövqeyindən asılı olmayaraq, parlament seçkilərində iştirak etmək üçün hər bir vətəndaşa əlverişli şərait yaradılıb. Bunu 2 min 431 şəxsin müraciət etməsi də təsdiqləyir. Bu fakt ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin daim dövlətin diqqət mərkəzində olmasının göstəricisidir. Axı, seçmək və seçilmək hər bir vətəndaşın konstitusion hüququdur. Heç şübhəsiz ki, müasir dünyada insan və vətəndaşın ən mühüm konstitusion hüquqlarından biri kimi məhz seçki hüququ qəbul edilir.

Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində təsbit olunmuş həmin normaya əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var. Bu hüquqların yüksək səviyyədə təmin olunması və onun daha sivil reallaşma vasitələrindən olan seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi bir sıra amillərlə, o cümlədən ölkədə ictimaisiyasi sabitliyin, seçkilər sahəsində fəaliyyət göstərən peşəkar kadr potensialının mövcudluğu, maddi-texniki təchizatın yüksək səviyyədə təmin olunması, mükəmməl qanunvericilik bazasının və icra mexanizmlərinin yaradılması ilə bağlıdır. Bu baxımdan, ölkəmizdə son illər ərzində mühüm uğurlar əldə edilib. Faktlar da təsdiqləyir ki, seçki sistemi beynəlxalq tələblərə tam uyğunlaşdırılıb. Vətəndaşların seçki hüququnun təmin olunması və ümumiyyətlə, insan hüquq və azadlıqlarının qorunması sahəsində çoxsaylı dövlət proqramlarının uğurla həyata keçirilməsi ölkəmizin mövqeyini daha da möhkəmləndirib.

Seçkilərin azad və ədalətli, şəffaf keçirilməsi üçün bütün imkanlardan istifadə olunur. Xeyli müddətdir ki, ölkə rəhbərliyinin göstərişi ilə MSK da daxil olmaqla, respublikadakı 125 dairə seçki komissiyasının hamısı üçün iş şəraitinin yaxşılaşdırılması ilə bağlı lazımi addımlar atılıb. Hər bir dairə seçki komissiyası üçün yüksək standartlara cavab verən yeni inzibati binalar tikilib istifadəyə verilib.

Seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün dairə seçki komissiyalarının maddi-texniki bazası daha da təkmilləşdirilib, qanunvericilik bazası yetərincə zənginləşdirilib. Bu proses məntəqə seçki komissiyalarında da ardıcıl şəkildə aparılıb. Onların ixtiyarına xeyli sayda yeni inşa olunmuş, müasir tələblərə cavab verən binalar verilib ki, bu da seçkilərin yüksək səviyyədə keçirilməsi üçün zəruri məqamlardandır.

Azərbaycanda seçkilər və referendumlar ölkə Konstitusiyası, nüfuzlu beynəlxalq təşkilatların tövsiyəsi əsasında, onlarla səmərəli əməkdaşlıq şəraitində işlənib hazırlanmış və beynəlxalq standartların tətbiqinə tam imkan verən Seçki Məcəlləsi, eləcə də Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilən çoxsaylı təlimat, izah və qaydalar əsasında təşkil edilir və keçirilir. Bütün bunlar bu il fevralın 9-na təyin edilmiş parlament seçkilərinin də şəffaf, azad və ədalətli keçiriləcəyinə hüquqi baza yaradıb. Ölkəmiz daha bir demokratik seçki nümunəsi nümayiş etdirməyə hazırdır.