SOSİUM

27 Dekabr

Yeni Bakı - Rusiya sərhədi yolu ödənişli olacaq - İSTİSMARA VERİLƏCƏYİ TARİX

Yeni Bakı - Rusiya Federasiyasının sərhədi avtomobil yolu ödənişli olacaq.

Fins.az xəbər verir ki, bunu  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırkı yol Bakıdan Samur sərhəd-keçid məntəqəsinədək 208 kilometrdir. Yeni yol  isə 16 kilometr qısa -192 kilometr olacaqdır. Yol rayon mərkəzlərindən keçməyəcək, yalnız onlara qovşaqla birləşəcəkdir.

Bir çox hissələrdə yolun tam eni 27,5 metr olacaq. Hərəkətin hər iki istiqamətində iki zolaq olacaq.

“Yol ödənişli olduğu üçün yolun başlanğıcında  turniketlər qoyulacaq. Turniketlər hissəsində hər istiqamətdə 5 cərgəli yol olacaq, 4 cərgəsi hərəkət, 1 cərgəsi ehtiyat maşınların saxlanması üçün. Hərəkət hissəsinə kənar heç nə daxil ola bilməməsi üçün yolun hər iki tərəfi çəpərlənəcək”,  - Saleh Məmmədov deyib.

Ümumiyyətlə, yol boyu ödəniş məntəqələri ilə birlikdə 7 turniket olacaq.

Saleh Məmmədov əlavə edib ki, 2020-ci ilin may ayının əvvəllərində bu yolun 100 kilometr hissəsinin tam ödənişli şəkildə istismara verilməsi nəzərdə tutulur.