SOSİUM

24 Dekabr

Prezidentin yardımla bağlı sərəncamı 290 min nəfərə şamil olunacaq

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında” 23 dekabr 2019-cu il tarixli Sərəncamı dövlət başçısının aztəminatlı ailələrin maddi təminatlarının yaxşılaşdırılmasına xüsusi qayğısının daha bir təzahürüdür. Sərəncamda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2019-cu il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödənilməsi tapşırılır. Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı üçün nəzərdə tutulmuş vəsaitdən 7,6 milyon manat ayrılması nəzərdə tutulur. Sərəncamın 2019-cu il 30 dekabr tarixinə 73 minədək ailəni (290 minə yaxın ailə üzvü) əhatə edəcəyi gözlənilir".

Fins.az-ın xəbərinə görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı açıqlamada bildirilib

Qeyd edilib ki, nazirlik tərəfindən birdəfəlik yardım ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürüləcək:

"Onlar birdəfəlik yardımı (100 manat) ünvanlı dövlət sosial yardımını aldıqları plastik ödəniş kartları vasitəsilə alacaqlar. Aztəminatlı ailələrə göstərilən birdəfəlik yardım onların bayram ərəfəsində maddi təminatlarına bir dəstək olacaq".