Finss.az - Azərbaycan və Ermənistan arasında ABŞ dövlət başçısının iştirakı ilə sülh müqaviləsinin paraflanması regionun siyasi mənzərəsini dəyişməklə yanaşı həm də ixracatçılarımız üçün yeni imkanlar yaradır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov yeni ixrac imkanları barədə əsas məqamları şərh edib. “Artıq bir neçə ildir çalışırıq ki, “Azexport” portalının imkanlarında faydalanaraq Azərbaycan məhsullarının ən qısa zamanda və ən aşağı loqistik xərclə dünya bazarlarına çıxış imkanlarını tapmağa çalışırıq. Bu yeni geosiyasi reallıq isə məhz buna xidmət edəcək. Belə ki, Naxçıvanın Azərbaycanın əsas ərazisi ilə birbaşa quru yolu vasitəsilə birləşməsi Azərbaycan istehsalçıları üçün Türkiyə limanlarına çıxışı sürətləndirəcək. Bu isə Avropa və Amerika bazarlarına daşınma müddətini əhəmiyyətli dərəcədə azaldacaq.”
“Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirir ki, “Amazon”, “Etsy” və digər qlobal platformalarda elektron ticarətlə məşğul olan şirkətlər üçün loqistik imkanların genişlənməsi təkcə qiymət üstünlüyü deyil, həm də zaman üstünlüyü yaradır. Bilirik ki, Azərbaycanın ərzaq məhsulları dünya bazarında təbii, keyfiyyətli və dadlı olması ilə seçilir. Həmçinin, bu kateqoriyadan olan məhsullar əsasən məhdud istifadə müddəti ilə seçildiyindən ixracında zəruri tələblərin daha sərt şəkildə nəzarətdə saxlanılır. Belə olan halda, loqistika imkanların daha əlçatan olması malların ixrac bazarında rəqabət imkanlarını genişləndirir, ixracı stimullaşdırır. Məhdud istifadə müddəti olan məhsullar, məsələn, qida, çiçək və dərmanlar artıq daha qısa müddətdə və keyfiyyət itkisi olmadan ABŞ və Avropa bazarlarına çatdırıla biləcək.
Portal rəhbəri əlavə edir ki, yeni imkanlar Azərbaycan məhsullarını Amerika və Avropa bazarlarında daha möhkəm mövqe tutmağa dəstək olacaq. Belə ki, ABŞ-a ixracımızda artıq mühüm paya sahib olan ərzaq məhsulları (cem, mürəbbə, meyvə jelesi, meyvə püreləri), aqrar kimyəvi məhsullar (azot gübrələri), sənaye xammalı (ferrosilisium ərintiləri, ilkin polimerlər), eləcə də alüminium vərəqlər və konstruksiya qurğuları bu yeni dəhliz sayəsində daha ucuz, daha sürətli və daha rəqabətədavamlı şəkildə bazara çıxacaq.
Bununla yanaşı, “OTS Made” brendinin inkişafı və Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə istehsal-ixrac təşəbbüslərinin genişlənməsi də yeni mərhələyə qədəm qoyur. Türk Dövlətlərində istehsal olunan məhsullar artıq bu imkanlardan istifadə etməklə dünya bazarlarına daha sürətli və ucuz çıxış əldə edəcək. Bu həm regional ticarət əlaqələrini möhkəmləndirəcək, həm də ixracatçıları rəqabət üstünlüyü ilə təmin edəcək.
Ən önəmlisi isə odur ki, formalaşan bu yeni logistika reallığı Azərbaycanı qlobal e-ticarət platformaları üçün strateji əhəmiyyətli mərkəzə çevirir. ABŞ və Avropa bazarlarına daşınma vaxtının azalması, Türkiyə limanlarına sürətli çıxış və həm şərq, həm qərb bazarlarına eyni dərəcədə yaxın mövqeyimiz “Amazon”, “eBay”, “Alibaba” kimi nəhəng platformalar üçün ölkəmizi potensial regional loqistika mərkəzinə çevirə bilər. Bu şirkətlər üçün Azərbaycanda anbar və paylama mərkəzləri qurmaq həm xərcləri azaldar, həm də Yaxın Şərq, Mərkəzi Asiya və Avropa bazarlarına eyni nöqtədən xidmət göstərmək imkanı yaradar. Belə bir mərkəz həm Azərbaycan istehsalçılarının məhsullarını daha asan ixrac etməsinə, həm də ölkəyə xarici investisiyaların artmasına xidmət edəcək.
Ayxan Qədəşov vurğulayır ki, ABŞ-la imzalanan strateji tərəfdaşlıq sənədində rəqəmsallaşma və süni intellektin inkişafı da prioritet istiqamət kimi müəyyən olunub. Bu da öz növbəsində elektron ticarətdə innovativ həllərin tətbiqini sürətləndirəcək, Azərbaycan şirkətlərinin qlobal bazarlarda mövqeyini gücləndirəcək. İnvestisiyaların, yeni texnologiyaların və kənd təsərrüfatında müasir aqro texnologiyaların ölkəmizə gətirilməsi həm istehsal həcmini, həm də ixrac keyfiyyətini artıracaq. Formalaşan yeni reallıq təkcə sülhün deyil, eyni zamanda davamlı iqtisadi inkişafın, rəqabətədavamlı ixracın və qlobal elektron ticarət imkanlarının zəmanətçisi ola bilər: “Azexport olaraq biz bu imkanların maksimum dərəcədə reallaşması üçün bütün ixracatçılarımızla birlikdə daha aktiv, daha hədəfli fəaliyyət göstərəcəyik.”