Siyasət

18 İyul

Merz UniCredit-in Commerzbank alqı-satqısını tənqid etdi

Finss.az - Almaniyanın kansleri Fridrix Merz UniCredit bankının Commerzbank-ı satın alma planlarını “dostyana olmayan” yanaşma kimi qiymətləndirib və potensial birləşmənin maliyyə bazarında ciddi risklər yarada biləcəyini bildirib.

Bloomberg-in məlumatına görə, Merz bu fikirlərini Berlində keçirdiyi mətbuat konfransında açıqlayıb.

Merz qeyd edib ki, UniCredit-in alqı-satqı üsulu həm Commerzbank-a, həm də Almaniya hökumətinə qarşı ədalətsizdir və bu prosesin şəffaflığına dair narahatlıqlar mövcuddur. O, yaranacaq yeni qurumun balans strukturunun maliyyə bazarına təhdid ola biləcəyini də vurğulayıb.

UniCredit-in baş direktoru Andrea Orcel Almaniyada yeni hökumətin və əvvəlki sosial-demokrat kabinetin müqavimətinə baxmayaraq, Commerzbank alqı-satqısı planlarını irəli aparır. Commerzbank ölkənin kiçik və orta sahibkarlığı üçün əsas kredit təminatçısıdır. Sosial-demokrat partiyanın maliyyə naziri Lars Klinbil də UniCredit-ə bu planlardan vaz keçməyi tövsiyə edib.

UniCredit sentyabrda hökumətin yerləşdirdiyi səhmlərdən əhəmiyyətli pay alaraq iyulda payını 20%-ə çatdırıb və bu, onu dövlətin 12% payından daha böyük səhmdar edib.

Merz bildirib ki, alqı-satqı barədə Berlin və Commerzbank əvvəlcədən məlumatlandırılmayıb və onu “dostyana olmayan davranış” kimi qiymətləndirirlər.