Siyasət

12 Mart

Şimali Makedoniyada Azərbaycan qazı alovlanır

Azərbaycan hazırda beynəlxalq aləmdə etibarlı tərəfdaşlığını daha da möhkəmlətmək üçün ayr-ayrı dövlətlərlə münasibətlərin dinamik inkişafına xüsusi əhəmiyyət verir. Prezident İlham Əliyevin təkcə son vaxtlarda bir sıra ölkələrin rəsmi şəxslərini respublikamıza səfərləri çərçivəsində qəbul edərkən səsləndirilən fikirlər, eləcə də dövlətimizin başçısına ünvanlanan təbrik məktublarında, telefon zənglərində ifadə olunan münasibətlər yuxarıda qeyd olunanları bir daha təsdiqləyir. Bu, əslində, Prezident İlham Əliyevin haqq-ədalət uğrunda mübarizəsinin təntənəsi, yürütdüyü müstəqil siyasətin məntiqi nəticəsi kimi diqqət çəkir.

Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsidir ki, bu gün aparıcı mövqeyə malik olan dünyanın nüfuzlu dövlətlərinin, eləcə də beynəlxalq və regional təşkilatların bir çoxu beynəlxalq münasibətlər sistemində respublikamızın tərəfdaşı kimi çıxış edir. Həmin qurumlar sırasında dünyanın siyasi və iqtisadi həyatında, habelə beynəlxalq münasibətlər sistemində xüsusi diqqət çəkən Şimali Makedoniya da mühüm yer tutur.

Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli münasibətlərin inkişafı son illər ərzində xeyli sürətlənib. Əməkdaşlıqda siyasi dialoq dinamik xarakter alıb, siyasi əlaqələrin inkişafı üçün əlavə tədbirlər görülüb. Eyni zamanda, iqtisadi sektorda, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılaraq müvafiq qərarlar qəbul edilib. Əlamətdar haldır ki, iki ölkə tərəfindən energetika sahəsində səmərəli əməkdaşlığa başlanılıb. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılıb. Gələcəkdə respublikamızın dost ölkəyə lazım olan həcmdə qaz təchizatını artırması nəzərdə tutulub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatında bu barədə ətraflı məlumat verib: “Azərbaycan bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparır. Bildirməliyəm ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur”.

Dövlətimizin başçısı daha sonra, təxminən, 3 il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsinin bunun əyani təzahürü olduğunu bildirib. Ölkə rəhbəri bu gün Azərbaycan qazının bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini gerçəkləşdirdiyini və Avropadakı tərəfdaşlarımızın xahişlərinə hər zaman böyük diqqətlə, həssaslıqla yanaşıldığını vurğulayıb. “Yəni, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və mən ümid edirəm ki, bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq”, – deyə Azərbaycan lideri qeyd edib.

Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova isə bəyanatında Azərbaycanın müsəlman Şərqində ilk cümhuriyyət quran ölkə olduğunu, eləcə də ilk opera, ilk filarmoniyanın məhz burada yaradıldığını vurğulayıb. Azərbaycanın öz zəngin mədəniyyəti ilə seçildiyini xatırladan Şimali Makedoniya rəhbəri Azərbaycanın beynəlxalq münasibətlərdə çox fəal olduğunu, sonuncu görüş zamanı burada iqlim konfransının təşkil edildiyini, indi isə növbəti dəfə tədbir keçiriləcəyini və orada dünyanı narahat edən əsas çağırışların müzakirə olunacağını diqqətə çatdırıb. “Bu da yaxşı fürsətdir, çünki bu il biz ölkələrimiz arasında diplomatik münasibətlərimizin otuzuncu ildönümünü qeyd edirik. Düşünürəm ki, həmin tarixin bu görüşlə üst-üstə düşməsi yaxşı haldır”, – deyə Qordana Silyanovska-Davkova vurğulayıb.

Şimali Makedoniyanın Prezidenti bəyanatında iki ölkə arasında səmimi münasibətlər olmasına baxmayaraq, əlaqələrin daha da güclənməsi üçün hələ çox iş görülməsinin zəruriliyini də diqqətə çatdıraraq deyib: “Bu günədək iqtisadiyyat sahəsində əhəmiyyətli addımlar atılmamışdır. Coğrafi mövqeyimizə görə biz Balkanlarda, Avropanın mərkəzində, bir sıra marşrutların kəsişməsində yerləşirik. Bu, Avropaya və dünyaya açıq olan hər bir ölkə üçün olduqca vacibdir.

Sonuncu dəfə ölkənizdə olarkən bu fikri söyləmişdim və bu gün də təkrar bəyan etmək istəyirəm ki, biz bir-birimizdən bir çox şey öyrənə bilərik və bu səfər dərin dostluğun təməli olacaqdır. Mən təkcə Dövlət Neft Şirkəti ilə müqaviləni nəzərdə tutmuram. Hesab edirəm ki, gələcəkdə əldə olunan bütün razılaşmalar bizi daha da yaxınlaşdıracaq”.

Yeri gəlmişkən, son illər Azərbaycan– Şimali Makedoniya iqtisadi əlaqələrinin genişləndirilməsi sahəsində də müyyən tədbirlər həyata keçirilir. Bu da iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün geniş imkanlar yaradır. Təkcə onu qeyd etmək kifayətdir ki, 2005-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi cəmi 238 min ABŞ dolları təşkil etdiyi halda, 2023-cü ildə bu rəqəm 1 milyon 564,5 min dollara çatdırılıb. Bunun da 1 milyon 553,4 min dolları idxalın, 11,1 min dolları isə ixracın payına düşüb. 2024-cü ilin sonlarından etibarən isə Azərbaycan Şimali Makedoniyaya təbii qaz ixracına başlayıb. Bu da iki ölkə arasında ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar ayında Azərbaycana Şimali Makedoniyadan 389 min ABŞ dolları dəyərində məhsul idxal edilib. Bu ölkədən idxal ötən ilin eyni dövrü ilə müqayisədə 221 min dollar və ya 2,3 dəfə çoxalıb. Yanvar ayında Azərbaycana Şimali Makedoniyadan 168 min dollar dəyərində məhsul idxal olunub.

©Xalq qəzeti