Finss.az - Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşayıblar.
Hazırda da ölkələr arasındakı dostluq ənənələri bütün sahələr üzrə uğurla inkişaf edir. Eyni zamanda, ölkələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunan ciddi nailiyyətlərin əsasını təşkil edir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O qeyd edib ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub: “Uğurlu iqtisadi siyasət və sərmayələrin cəlb edilməsi, həmçinin Azərbaycan investorlarını da Gürcüstana sərmayələrini qoymağa həvəsləndirib. Gürcüstanın Baş naziri İrakli Kobaxidze əbəs yerə Azərbaycana səfər etməmişdi. Bu səfərin həm Gürcüstan, həm də Azərbaycan üçün xüsusi əhəmiyyəti var. Belə ki, iki ölkə arasında mövcud olan enerji sahəsindəki əməkdaşlığı xüsusi vurğulamaq lazımdır. Azərbaycan və Gürcüstan arasında birgə həyata keçirilən neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Azərbaycan Gürcüstan ərazisindən keçməklə 11 ölkəyə öz təbii qazını ixrac edir və ildən-ilə bu ixracı daha da artırır. Gürcüstanın özünün istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da xüsusi əhəmiyyətə malik layihədir və getdikcə Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənəcək.
Eyni zamanda, hər iki ölkə Orta Dəhliz layihəsində yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Böyük coğrafiyanı əhatə edən bu layihədə Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır. Həmçinin ölkələrimizdə nəqliyyat infrastrukturunun genişləndirilməsi və rəqəmsallaşdırılması layihəsi icra edilir ki, bu layihələrin də uğurlu nəticələri yaxın gələcəkdə özünü göstərəcək. Xüsusilə, Azərbaycan ilə Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr ikitərəfli əməkdaşlığın inkişafına xidmət edir, qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmir yolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır”.
Deputatın sözlərinə görə, Azərbaycan və Gürcüstanın ikitərəfli əlaqələri təkcə ölkələrin iqtisadi inkişafında deyil, həmçinin hökumətlərarası siyası əlaqələrin inkişafında özünü göstərir. Ölkələrimizin ikitərəfli əlaqələri beynəlxalq təşkilatlar çərçivəsində də uğurla inkişaf edir. BMT, ATƏT, GUAM, QDİƏT və digər beynəlxalq platformalarda hər iki ölkə bir-birinin milli maraqları ilə bağlı məsələlərə hər zaman həssaslıqla yanaşır və dəstək nümayiş etdirirlər.