Siyasət

17 Dekabr

Gürcüstanın Baş naziri: Avropa İttifaqının qərarı anti-Gürcüstan siyasətinin nümunəsidir

Avropa İttifaqının (Aİ) xarici işlər nazirlərinin Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılmasının zəruriliyi ilə bağlı razılaşması anti-Gürcüstan siyasətinin nümunəsidir.

Finss.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Aİ xarici işlər nazirlərinin bu tövsiyəsi mahiyyət etibarilə simvolik xarakter daşıyır. Lakin bu, Gürcüstan cəmiyyətinin Avropa strukturlarına qarşı etibarını sarsıdır.

“Aİ Xarici Əlaqələr Şurasının verdiyi yeganə tövsiyə diplomatik pasport sahibləri üçün viza rejiminin tətbiqi prosedurunun başlanması ilə bağlıdır. Tövsiyənin mahiyyət etibarilə simvolik yükü olmasına baxmayaraq, bu, Gürcüstan cəmiyyətinin Avropa strukturlarına inamını sarsıdan, açıq-aşkar anti-Gürcüstan addımı kimi qiymətləndirilməlidir. Bu cür qərarların nəticəsidir ki, Gürcüstan cəmiyyətinin qavrayışında Avropa strukturları daimi devalvasiya yaşayır və bu, ciddi problemdir”, - deyə İrakli Kobaxidze vurğulayıb. 

Məlumat üçün bildirək ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Aİ xarici işlər nazirlərinin Brüsseldəki görüşündən sonra Gürcüstanın diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılması zərurəti barədə razılığa gəlindiyini bildirib. Onun sözlərinə görə, vəziyyət gürcü xalqı üçün müsbət istiqamətdə inkişaf etmir və buna görə də Avropa İttifaqı artıq siyasi əlaqələri azaldıb və bu il Avropa Komissiyası diplomatik missiya sahibləri üçün vizasız rejimin dayandırılması təklifini təqdim edəcək.

Kaira Agayeva 

Finss.az