Cənubi Koreyanın hakim Xalqın Gücü Partiyasının lideri Han Donq-hun Prezident Yun Sok Yolun tezliklə hakimiyyətdən uzaqlaşdırılmasının tərəfdarı olduğunu açıqlayıb.
Finss.az xəbər verir ki, Han Donq-hun dekabrın 6-da partiyanın Milli Assambleyada keçirilən təcili toplantısında dövlət başçısı Yun Sok Yolun hakimiyyətindən əl çəkməmək üçün yenidən radikal hərəkətlər edə biləcəyi ehtimalının olduğunu söyləyib.
"Yeni aşkar edilmiş faktları nəzərə alaraq, Prezident Yun Sok Yolun Koreya Respublikasını və xalqını qorumaq vəzifələrindən dərhal kənarlaşdırılmasını zəruri hesab edirəm”, - deyən partiya lideri əlavə edib ki, hərbi vəziyyət saatlarında Prezident Yun Sok Yol əks-kəşfiyyat xidmətinin rəhbərinə ölkənin əsas siyasi xadimlərini dövlət əleyhinə qüvvə olmaqda günahlandıraraq həbs etməyi tapşırdığını və hətta onları tutmaq üçün xüsusi xidmət orqanlarını səfərbər etdiyini təsdiqləyib. Partiya lideri Prezidentin belə radikal hərəkətləri təkrarlamaq ehtimalının olduğunu və bunun ölkəni böyük riskə atdığını deyib.
“Mən artıq demişəm ki, ölkənin daha böyük xaosa düşməməsi üçün bu dəfə impiçment haqqında qanun layihəsinin qəbul edilməsinə mane olmağa çalışardım. Ancaq ortaya çıxanlara əsaslanaraq, Cənubi Koreyanı və xalqımızı qorumaq üçün Prezident Yunun prezidentlik səlahiyyətlərini həyata keçirməsinin mümkün qədər tez dayandırılmasını zəruri hesab edirəm", - deyə partiya lideri bildirib.
Qeyd edək ki, Cənubi Koreya Prezidenti Yun Sok Yol müxalifəti qiyamın hazırlanmasına yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında ölkədə hərbi vəziyyət elan edib. Amma parlamentdə üstünlüyü olan müxalifətin səyi ilə Milli Assambleyada keçirilmiş gizli səsvermədə Prezidentin hərbi vəziyyət qərarı rədd edilib. Hərbi vəziyyətin elan olunmasından təxminən 6 saat sonra Prezident Yun Sok Yol geri addım ataraq hərbi vəziyyəti ləğv edib. Hərbi vəziyyətlə əlaqədar küçələrə çıxarılmış ordu və təhlükəsizlik qüvvələri geri çəkilib. Amma əsas müxalif qüvvə olan Demokratiya Partiyası başda olmaqla müxalifət bununla kifayətlənməyərək, Prezident Yun Sok Yolun impiçmenti prosesinə başlayıb. Bununla əlaqədar Demokratiya Partiyasının və kiçik müxalifət partiyalarından olan 191 deputat Prezident Yun Sok Yolun impiçmenti üçün vəsatət qaldırıblar. Məsələ dekabrın 7-də səsverməyə qoyulacaq. Hakim Xalq Gücü Partiyası əvvəlki açıqlamalarında Prezident Yun Sok Yolun impiçmentinə qarşı olduğunu bəyan etsə də, partiyanın liderinin son bəyanatı onu deməyə əsas verir ki, artıq hakim partiya Prezidentə olan dəstəyini geri götürür. İmpiçmentin təsdiqi üçün 300 yerlik parlamentin ən azı üçdə ikisi (200 deputat) lehinə səs verməlidir. Artıq hakim partiyadan olan bir neçə deputat impiçmentin lehinə səs verəcəyini açıqlayıb.
Kaira Agayeva
Finss.az