Siyasət

01 Noyabr

Pentaqon Çinin kosmosa silah yerləşdirməsi tempindən narahatdır

Birləşmiş Ştatlar Çinin kosmosda hərbi imkanlarını sürətlə genişləndirməsindən narahatdır.

Finss.az xəbər verir ki, “Financial Times” qəzeti bu barədə ABŞ Kosmik Qüvvələrinin komandanı, general Çens Saltsmenə istinadla məlumat yayıb. 

“Çinin kosmik silahlarının sayı və onların hazırlanma sürəti böyük təhlükə yaradır”, - deyə amerikalı hərbçi Avropaya səfəri zamanı bildirib.

O, eyni zamanda vurğulayıb ki, Birləşmiş Ştatlar öz Kosmik Qüvvələrini 2019-cu ildə Çin və Rusiyanın bu istiqamətdə silahlarını inkişaf etdirdikdən və kosmosda müharibə aparmaq qabiliyyətini ortaya qoyduqdan sonra yaradıb.

Qeyd edək ki, oktyabrın 28-də ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tzyan Pekinin ABŞ-ın kosmosu hərbiləşdirməyə yönələn fəaliyyətinə qarşı olduğunu deyərək Vaşinqtondan qlobal təhlükəsizliyə təhdid yaradan addımlardan çəkinməyə çağırıb. Çinli diplomat, həmçinin ÇXR-in heç bir ölkə ilə kosmos yarışına girmək və bu istiqamətdə üstünlük qazanmaq niyyətində olmadığını söyləyib.

Kaira Agayeva 

Finss.az