Şuşa Real Məktəbinin bərpasına başlanılıb. Hesabat dövründə layihələndirmədə edilən düzəlişlər səbəbindən işlərdə müəyyən gecikmələr yaşanıb.
Finss.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
"İşlərin 7%-i yerinə yetirilib. Cari ildə təmir-tikinti işləri davam etdiriləcəkdir", - deyə əlavə edilib.
Elm və təhsil naziri Emin Əmrullayev həmçinin bildirib ki, planlara görə, Şuşa Real Məktəbində 2026-ci ilin sentyabr ayında təhsil başlayacaq.
"Təhsil istiqaməti olaraq, incəsənət, mədəniyyət olması planlaşdırılır. Eyni zamanda, bu müəssisə daha çox ali təhsil, orta ixtisas təhsili verən qurum olacaq. Bu, Qarabağ Universitetinin aidiyyəti bir qolu olacaq", - deyə nazir əlavə edib.
Qeyd edək ki, fəaliyyətə 1881-ci il sentyabrın 20-də başlayan Şuşa Real Məktəbi həm tədrisi, təhsil ənənələri, həm də yetişdirdiyi görkəmli şəxsiyyətlərlə bütün Cənubi Qafqazda seçilən təhsil ocaqlarından biri idi. Əvvəlcə 6 sinifdən ibarət olan və 159 şagirdi qəbul edən məktəbin Haşım bəy Vəzirov, Mirzə Salah bəy Zöhrabbəyov, Yusuf bəy Məlikhaqnəzərov kimi pedaqoqları, İsmayıl bəy Səfibəyov, Əbdürrəhman bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Cabbar bəy Vəlibəyov, Xudadat bəy Məlik-Aslanov, Cavad bəy Məlik-Yeqanov, Rüstəm bəy Axundov, Əhməd bəy Ağaoğlu, Soltan bəy Vəlibəyov, Xan Şuşinski kimi parlaq yetirmələri olub.
Xalqın maariflənməsi, elmə yiyələnməsi işində müstəsna xidmətləri olan Şuşa Realnı Məktəbinin binasında sonradan bir sıra digər təhsil müəssisələri fəaliyyət göstərib. Şuşa şəhəri 1992-ci ilin mayında işğal edildikdən sonra bir çox tarixi yerlərlə bərabər bu məktəb də erməni vandalları tərəfindən yandırılaraq xarabazara çevrilib.
©Trend