Siyasət

19 İyul

Hindistan şirkəti AÇG və BTC-dəki payını artırdı

Hindistanın ONGC Videsh Limited şirkəti Norveçin Equinor şirkəti ilə yekun saziş imzalayıb. Sazişə əsasən, ONGC Videsh Limited şirkəti Equinor şirkətinin Azərbaycanın Azəri-Çıraq-Günəşli (AÇG) neft layihəsində 0,615% və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin operatoru olan BTC Co şirkətindəki 0,737% payını alıb.

Fins.az bu barədə ONGC Videsh Limited-in sosial şəbəkələrdəki məlumatına istinadən xəbər verir.

Əməliyyatın dəyəri 60 milyon ABŞ dollarına qədərdir, prosedur yaxın aylarda tamamlanacaq.

Bu əməliyyat ONGC Videsh Limited-in hazırda AÇG-də olan 2,31% və BTC-də olan 2,36% paylarını artıracaq.

Şirkətdən bildirilib ki, AÇG Xəzər dənizində yeddi hasilat platforması olan nəhəng dəniz yatağıdır.

Xəzər dənizini Aralıq dənizinə birləşdirən BTC boru kəməri enerji resurslarının nəqli üçün mühüm əhəmiyyət kəsb edir.

"Bu addım ONGC Videsh-in yüksək keyfiyyətli beynəlxalq aktivlərin əlavə edilməsi yolu ilə Hindistanın enerji təhlükəsizliyini artırmaq məqsədinə uyğundur", - məlumatda deyilir.

Hindistanın ən böyük beynəlxalq neft və qaz kəşfiyyatı və hasilatı şirkəti olan ONGC Videsh 15 ölkədə fəaliyyət göstərir və 32 aktivə malikdir.

Equinor yaşıl təşəbbüslərə olan marağını qoruyaraq 2023-cü ilin sonunda Azərbaycandakı mədən layihələrini tərk etmək qərarına gəlib.