Siyasət

02 İyul

Pərviz Şahbazov: Bu gedişatla 2030-cu ilə 30 faizlik hədəfimizə daha tez nail olacağıq

Energetika naziri Pərviz Şahbazov İtaliyanın Milan şəhərində Yaşıl Enerji Keçidi Konqresi çərçivəsində keçirilən nazirlər panelində əsas məruzəçi olaraq COP29 öncəsi Azərbaycanın milli enerji strategiyasına dair çıxış edib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası və müasir milli enerji siyasətinin yaşıl artımı hədəfləyən prioritetlərinin COP məqsədləri ilə üst-üstə düşdüyü, COP29-a sədrliyin uzun illərdir qazıntı yanacağı üzrə etibarlı tərəfdaş olan ölkəmizin dünyada təhlükəsiz və ədalətli enerji keçidindəki rolunu gücləndirdiyi qeyd olunub. Bildirilib ki, 1300 meqavatlıq günəş-külək elektrik stansiyalarının təməlinin qoyulması və 100 meqavat külək enerjisi layihəsinin hərracı ilə bağlı bu ilə olan planlarımız uğurla reallaşır: "Bu gedişatla 2030-cu ilə 30 faizlik hədəfimizə daha tez nail olacağıq. 2027-ci ilədək 2 milyard dollardan çox investisiya dəyərində 2 qiqavatadək günəş-külək elektrik stansiyalarının inşası bərpaolunan enerjinin quraşdırılmış gücdə payını 33 faizə yüksəldəcək". O da əlavə edilib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "yaşıl enerji zonası" elan edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvanın sıfır emissiyaya malik ərazilər kimi inkişafı, ilkin mərhələdə 5 qiqavatdan çox yaşıl elektrik və yaşıl qazların ixracı məqsədilə "Xəzər-Qara dəniz-Avropa", "Azərbaycan-Türkiyə-Avropa", həmçinin Qazaxıstan və Özbəkistandan enerjinin ötürülməsi üçün "Azərbaycan-Mərkəzi Asiya-Avropa" yaşıl enerji dəhlizlərinin yaradılması dekarbonizasiya və iqlim məsələlərində ölkəmizi regionda ön plana çıxarır.

"Yaşıl enerji zonaları və dəhlizləri" kimi örnək təşəbbüslər bu gün nəinki COP29-un Fəaliyyət Gündəliyinə istiqamət verir, həmçinin COP-un mirası olmağa daha münasibdir. COP29-un əsas mövzusunun maliyyə olduğunu nəzərə aldıqda, bu tədbirin bərpaolunan enerjinin üçqat, enerji səmərəliyinin ikiqat artırılması və ədalətli enerji keçidinə nail olunmasını sürətləndirəcək platforma olacağına inanırıq. Bu aspektdə, elektrik şəbəkələrinin gücləndirilməsini, enerji saxlanma imkanlarının genişlənləndirilməsini, hidrogen istehsalının artırılmasını, müvafiq istiqamətlər, o cümlədən HVDC infrastrukturu, enerji səmərəliliyi üzrə investisiyaların bir neçə dəfə artırılmasını təmin edəcək yeni təşəbbüs və hədəflərə ehtiyac var. Bu mötəbər tədbirin sədrliyini öz üzərinə götürən Azərbaycan bütün tərəflərlə səmimi və nəticəyönümlü dialoq quraraq COP prosesini irəli aparmaq, səmərəli iqlim fəaliyyətini, enerji keçidini təmin etmək və COP29-un uğurlu nəticələrlə yekunlaşması üçün əlindən gələni edəcək", - deyə nazir bildirib.

Nazir Pərviz Şahbazov müzakirələr zamanı Azərbaycan, BƏƏ və Braziliyadan ibarət üçlük mexanizmi, 2025-ci ildən sonrakı dövr üçün iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması, iqlim fəaliyyəti üzrə çoxtərəfli dialoqun effektiv olması üçün qarşılıqlı etimad, məsuliyyətin və maliyyə imkanlarının ədalətli bölgüsünün təmin edilməsi kimi məsələlərdən də bəhs edib.