Siyasət

12 İyun

"Cənub qaz dəhlizi"nin orta halqası

Hazırda Azərbaycan 8 ölkəyə - Gürcüstan, Türkiyə, Yunanıstan, İtaliya, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiyaya  qaz ixrac edir. Yaxın gələcəkdə ixracın coğrafiyası xeyli genişlənəcək. Azərbaycan qazını dünyaya aparan yol  isə Gürcüstandan və Türkiyədən keçir. Türkiyəyə qaz 2007-ci il  iyulun 3-dən Bakı-Tbilisi-Ərzurum kəməri, 2018-ci il iyunun 12-dən isə həm də Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə çatdırılır. TANAP-la Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı vaxt - həmin il iyunun 30-da başlanıb.
6  il əvvəl istifadəyə verilən TANAP təkcə region  üçün deyil, Avropa məkanı üçün də mühüm əhəmiyyət daşıyır. Çünki o, Xəzərin sahilindən başlayaraq Adriatik dənizinin sahilinə, İtaliya  torpağınadək uzanan 3500 kilometrlik "Cənub qaz dəhlizi"nin ən böyük hissəsidir. Bu dəhlizi  yaradan üç kəmərin ikincisi olması TANAP-ın dəyərini  daha aydın  əks etdirir.
TANAP Azərbaycanla Türkiyənin birgə layihəsidir. Onun  salnaməsi qısa olsa da, zəngin və maraqlıdır. Belə ki, layihə ilə bağlı Azərbaycan və Türkiyə arasında anlaşma memorandumu 2011-ci il dekabrın 24-də imzalanıb. Boru kəməri sisteminə dair sazişə isə 2012-ci il iyunun 26-da İstanbulda imza atılıb və  sənəd hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. Bununla da Azərbaycan və Türkiyə siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində TANAP-ın tikintisi ilə bağlı razılıq əldə edilib. Qazın uzunmüddətli sazişlər əsasında Avropa İttifaqı ölkələrinə ixrac edilməsi üçün mühüm danışıqlar aparılıb, 
TANAP-ın və TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri)  inşasına dair sənədlər imzalanıb. 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub.
TANAP-ın işə düşməsi mühüm tarixi hadisə kimi dəyərləndirilir. Çünki bu, Azərbaycanın təkcə neft diyarı deyil, həm də qaz ixrac edən ölkə olduğunu bir daha təsdiqlədi. TANAP Azərbaycan və Türkiyənin, hər iki ölkənin dövlət başçılarının birgə səyi nəticəsində gerçəkliyə çevrilən unikal layihə olduğuna görə, bu  birliyi və qardaşlığı  bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev kəmərin əhəmiyyəti barədə belə demişdir: "TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür".
Belə ki, TANAP Gürcüstan-Türkiyə sərhədində genişləndirilmiş CQBK (Cənubi Qafqaz Boru Kəməri) ilə birləşir, Türkiyə-Yunanıstan sərhədində isə TAP-a qovuşur. Təsadüfi deyil ki, bu boru xəttini möhtəşəm "Cənub qaz dəhlizi"nin birləşdirici halqası, onurğa sütunu  adlandırırlar.
TANAP Türkiyənin ərazisində 1850 kilometrlik məsafə qət edir, ölkənin 20 vilayətindən, 67 rayonundan və 600 kəndindən keçərək Avropanın qapısına çatır.  Kəmərin Gürcüstan-Türkiyə sərhədində başlayıb Əskişəhərdə bitən hissəsinin uzunluğu 1350 kilometr, oradan Türkiyə-Yunanıstan sərhədinədək olan hissəsi isə 480 kilometr təşkil edir.
2019-cu il iyulun 1-dən etibarən TANAP Azərbaycan  qazını TAP-a ötürmək üçün hazır vəziyyətə gətirilib. Həmin  il noyabrın 30-da isə Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu kəmərin əhəmiyyətini belə vurğulayıb: "TANAP Azərbaycan, Gürcüstan, Türkiyə marşrutundan Avropaya - TAP xəttinə birləşir və təbii ki, oradan davam edərək Bolqarıstan, Yunanıstan, Makedoniya, Albaniya, Serbiya, Bosniya və Herseqovina marşrutu üzərindəki ölkələr də ondan faydalanır. Təbii ki, bütün bu addımları atarkən bunun bir regional layihə, bir sülh layihəsi olduğunu da xüsusilə vurğulamaq lazımdır. Gürcüstan ərazisindən Anadoluya giriş reallaşarkən Gürcüstanın buradakı səylərini əsla inkar etmək olmaz. Bu bir həmrəylikdir və bu həmrəyliyin adı da sülhdür. Bu layihə hər şeydən əvvəl ölkələrimiz arasındakı köklü dostluğun rəmzidir. TANAP bu mərhələyə Türkiyə və Azərbaycanın qarşılıqlı inama söykənən əlaqələri sayəsində gələ bilmişdir. Layihənin uğur qazanmasında istehsalçı, tranzit və istehlakçı ölkələrlə bu layihədə pay sahibi olan şirkətlər arasındakı uzlaşma da həlledici rol oynayıb".
Xatırladaq ki, TANAP-ın səhmlərinin 51 faizi "Cənub qaz dəhlizi" QSC-yə, 7 faizi "SOCAR Turkey Enerji A.Ş."yə (STEAŞ), 30 faizi BOTAŞ-a, 12 faizi BP şirkətinə məxsusdur.
2020-ci il  dekabrın  31-dən  Azərbaycan qazı artıq Avropaya da  nəql olunur. Qeyd olunduğu kimi, TAP kəməri bu qitəyə daşıdığı mavi yanacağı məhz TANAP-dan qəbul edir. Cari ayın 4-də Bakı Enerji Həftəsinin  açılış  mərasimindəki çıxışında Prezident  İlham Əliyev bildirdi ki, bu il qaz  ixracımız ümumilikdə 24 milyard kubmetr olacaq.  Bu həcmin yarıya qədərini TANAP Avropaya ötürəcək. Öz ölkəsinin idxal etdiyi qazın da yarıdan çoxunu bu kəmər daşıyır. Məsələn, bu ilin ilk iki ayında Türkiyəyə ixrac edilən 1,4 milyard kubmetr qazın 0,8 milyard kubmetri TANAP-la çatdırılıb. 


© "Azərbaycan"