2030-cu ilədək ənənəvi enerji sektoru iş yerlərinin 30-40 faizini itirəcək.
Fins.az xəbər verir ki, bu barədə "Boston Consulting Group"un idarəedici direktoru və tərəfdaşı, insanlar və təşkilat təcrübəsi üzrə lideri Matteo Radiçe 29-cu Bakı Enerji Forumu çərçivəsində "Uğurlu enerji keçidində insan kapitalının rolu" panel müzakirəsində deyib.
Onun sözlərinə görə, 2030-cu ilə qədər dünyada ənənəvi enerji mühüm dəyişikliklərə məruz qalacaq ki, bu da sahədə iş yerlərinin 30-40 faiz ixtisarına səbəb olacaq:
""Yaşıl" enerjiyə keçid şəraitində müəyyən peşələrə tələbat necə dəyişəcək? Həmin dövr ərzində bərpa olunan enerji sektorunda təqribən eyni sayda - 25-30 faiz iş yeri açılacaq.
Bu, bütün bu sahələrə təsir göstərən irimiqyaslı transformasiyadır. Bu məlumatları konkret rəqəmlərə çevirsək, 2030-cu ilə qədər 7 milyon iş yerinin boş qalacağını görə bilərik. Bu rəqəm bütöv bir ölkənin və ya meqapolisin əhalisinin sayına bərabərdir".
Qeyd edək ki, Bakı Enerji Forumunda 600-dən çox nümayəndə iştirak edir. Forumda Azərbaycanla yanaşı, Avstraliya, Avstriya, Belarus, Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Gürcüstan, İsrail, Hindistan, İtaliya, Qazaxıstan, Qətər, Çin, Latviya, Monako, Niderland, Norveç, BƏƏ, Rusiya, Rumıniya, Səudiyyə Ərəbistanı, Sloveniya, ABŞ, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç və Yaponiya da iştirak edəcək. Bu il forumun proqramına rekord sayda (81) məruzəçi daxildir.
Forumun gündəliyinə həm Azərbaycan, həm də bütün Xəzər regionu üçün vacib olan enerji məsələləri daxil ediləcək. Gündəlikdəki əsas məsələlər enerji təhlükəsizliyi, enerji keçidi və "yaşıl" enerji layihələrinin nəzərdən keçirilməsi və maliyyələşdirilməsi ilə bağlıdır.
Fuad Mədətov
Fins.az