Siyasət

06 İyun

Azərbaycan "Euro-5"in istehsalına başladı

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) bu ay "Euro-5" ekoloji standartlarına uyğun avtomobil benzininin istehsalına başlamağı planlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.

Bildirilib ki, bu il yenidənqurma və təkmilləşdirmə çərçivəsində BNEZ-də izomerləşdirmə və MTBE qurğusu istifadəyə verilib. Son 70 ildə zavod 370 milyon ton neft emal edib.

2023-cü ildə BNEZ-də 6,3 milyon ton neft emal edilib və nəticədə 1,5 milyon ton avtomobil benzini istehsal edilib.2023-cü ildə BNEZ-də neft emalı dərinliyi 98 % (2022-ci ildə - 96,3 %) təşkil edib. Zavod hazırda genişmiqyaslı modernləşdirmə və yenidənqurma layihəsini həyata keçirir.

Bəs yanacaq təminatının daxili isthsal hesabına təmin olunması Azərbaycanda benzin qiymətlərinə necə təsir edəcək?

Məsələ ilə bağlı danışan iqtisadçı Natiq Cəfərli news24.az-a açıqlamasında bildirib ki, Azərbaycanda hazırda premium markalı benzinin qiyməti endirilməlidir:

"Daxili bazara yeni benzin növünün daxil olmasının digər markalı benzinlərdə artıma və ya enməyə səbəb olacağını düşünmürəm. Amma Azərbaycanda premium (Aİ-95) markalı benzinin qiyməti ucuzlaşmalıdır. Aİ-95 markalı benzini biz xaricdən alırıq. Biz onu ölkədə 2 manata qaldıranda o zaman dünyada neftin qiyməti 120 dollara yaxın idi. İndi həmin qiymət 30-40 faiz ucuzlaşıb, amma bizdə yenə də premium markalı benzin bahadır". 

İqtisadçı qeyd edib ki, Azərbaycanın özündə daxili istehsal başlanılarsa, bu zaman mütləq qiymətlər ucuzlaşmalıdır, məntiq də bunu deyir. Onun sözlərinə görə, Azərbaycan premium markalı benizini hazırda xaricdən, əsasən də Rumınyadan alır: "Yerli istehsal başlanılsa, Aİ-95 markalı benzinin qiymətində ucuzlaşma olmalıdır. Bu gün premium markalı benzin Gürcüstanla bizdə demək olar ki, eyni qiymətədir, bu da anlaşılan deyil. Azərbaycanın neft ölkəsi olduğu bir şəraitdə, ciddi iqtisadi əlaqələrinin olduğu bir şəraitdə Gürcüstanla bizdə premium markalı benzinin eyni qiymətdə olması düzgün deyil".