Siyasət

05 İyun

SOCAR “Abşeron” yatağının işlənməsinin 2-ci mərhələsi üzrə investisiya qərarının bu ilin sonuna qəbul olunacağı açıqlayıb

SOCAR Xəzər dənizində "Abşeron" qaz-kondensat yatağının işlənilməsinin 2-ci mərhələsi üzrə son investisiya qərarının 2024-cü ilin sonuna qədər qəbul edilməsinə çalışacaq.

Fins.az xəbər verir ki, bu barədə SOCAR-ın vitse-prezidenti Babək Hüseynov Bakı Enerji Həftəsi çərçivəsində jurnalistlərə deyib.

Onun sözlərinə görə, yekun investisiya qərarı ilə bağlı Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) və "TotalEnergies" ilə danışıqlar aparılır və ümid edirik ki, qərar 2024-cü ilin sonunda qəbul olunacaq.

B.Hüseynov onu da bildirib ki, danışıqlarda suallar yaranarsa, yekun investisiya qərarı 2025-ci ilin ortalarına qədər dəqiq qəbul olunacaq.

Qeyd edək ki, Xəzər dənizində "Abşeron" layihəsinin iştirakçıları SOCAR (35 faiz), "TotalEnergies" (35 faiz) və ADNOC-dur (30 faiz).