Siyasət

22 May

"Uzbekneftegaz" "Şahdəniz" layihəsinə qoşulmasına dair sənədlərin yaxın aylarda imzalanacağına ümid edir

Özbəkistanın "Uzbekneftegaz" şirkəti Xəzər dənizinin Azərbaycan şelfində "Şahdəniz" qaz-kondensat layihəsinə daxil ola bilər.

Fins.az xəbər verir ki, bu barədə bu gün Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Qüdrətov Qubada keçirilən II Özbəkistan-Azərbaycan Regionlararası Forumunda deyib.

"Biz SOCAR şirkətini dəvət edirik və onunla Özbəkistanda neft və qaz hasilatı layihələrində iştirakla bağlı danışırıq. Eyni qaydada, "Uzbekneftegaz" şirkətinin Azərbaycanda qaz hasilatı layihələrinə qoşulması məsələsi hazırda müzakirə olunur və yekun mərhələdədir. Bəli, Azərbaycanın "Şahdəniz" layihəsi nəzərdə tutulur. Pay iştirakı danışıqlar mövzusudur", - o deyib.

L.Qüdrətov bildirib ki, "Uzbekneftegaz" "Şahdəniz" layihəsinə qoşulmasına dair sənədlərin yaxın aylarda imzalanacağına ümid edir.

"Bu layihədə iştirakımız əcnəbi konsultantın iştirakı ilə ciddi maliyyə və hüquqi ekspertiza tələb edir. Bu perspektivlərə ciddi yanaşırıq", - o deyib.

Qeyd edək ki, "Şahdəniz" layihəsi 1996-cı ildən həyata keçirilir. 2013-cü ildə "Şahdəniz" yatağının işlənməsi haqqında sazişin müddəti 2046-cı ilə qədər uzadılıb.

"Şahdəniz"in ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir, hələlik bu ehtiyatın təqribən 20 faizi hasil olunub.