Siyasət

17 May

Belinda Baluku: “Albaniya Azərbaycanla qazlaşdırma sahəsində əməkdaşlığa hazırdır”

Albaniya Azərbaycanla ölkənin qazlaşdırılması sahəsində intensiv əməkdaşlığa hazırdır.

Bunu Albaniya Baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Baluku ölkə parlamentində “Albaniya Nazirlər Şurası ilə Azərbaycan Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi haqqında” qanun layihəsini təqdim edərkən deyib.

Fins.az xəbər verir ki, onun sözlərinə görə, Albaniya ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq qurulub və hər iki ölkə Albaniyadan keçməklə digər Avropa ölkələrinə gedən Cənub Qaz Dəhlizinin iştirakçısıdır.

“Trans-Adriatik Boru Kəmərinin uğurla həyata keçirilməsi əməkdaşlıq üçün, o cümlədən Albaniya şəhərlərinin qazlaşdırılması layihələrinin həyata keçirilməsi üçün yeni imkanlar açıb”, - baş nazirinin müavini əlavə edib.

B.Balukunun sözlərinə görə, yeni saziş Azərbaycanla turizm, kənd təsərrüfatı, investisiya, eləcə də təhsil və mədəniyyət sahələrində əməkdaşlığın əhatəsini genişləndirir.

“Hər iki ölkə ticarət və investisiya sahəsində əməkdaşlığı stimullaşdırmaq və inkişaf etdirmək, o cümlədən müvafiq nazirlik və idarələr, ticarət və sənaye palataları arasında əlaqələr və mübadilələri asanlaşdırmaq, habelə birgə biznes forumlar, missiyalar və ikitərəfli görüşlər təşkil etmək niyyətindədir”, - B.Baluku qeyd edib.