BOTAŞ, Misirin təbii qaz şirkəti EGAS ilə əlaqələrin dərinləşdirilməsi mövzusunda razılığa gəldiklərini açıqladı.
Fins.az BOTAŞ-dan verilən açıqlamaya istinadən xəbər verir ki, Türkiyə prezidenti Tayyib Ərdoğanın Misirə rəsmi səfəri çərçivəsində BOTAŞ və EGAS-ın (Misir Təbii Qaz Holdinq Şirkəti) yüksək səviyyəli rəhbərliyi arasında görüş keçirdiyi və orada razılıq əldə edildiyi bildirilib.
Açıqlamaya görə, bu saziş çərçivəsində təbii qaz və LNG ticarət imkanları, o cümlədən təbii qaz infrastrukturu və yeraltı anbarlar üzrə əməkdaşlıq, texniki bilik və təcrübə mübadiləsi ilə bağlı məsləhətləşmələr aparılıb.
BOTAŞ-ın görüşlə bağlı verdiyi açıqlamada deyilir: “Ölkəmizin və bölgəmizin enerji təhlükəsizliyinə qarşıdakı dövrdə müzakirə olunan məsələlərlə bağlı tərəflərin atacaqları konkret addımlarla dəstək olmaq məqsədi daşıyır”.
Açıqlamada, BOTAŞ-ın enerji qaynaqlarının müxtəlifliyini artırmaq məqsədi ilə bölgəsindəki enerji tərəfdaşları ilə güclü əməkdaşlıq qurmağa davam etdiyi bildirilib.
Günel Məlikzadə
Fins.az