Siyasət

14 Fevral

Azərbaycanda 5,2 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Bu ilin yanvar ayında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 5,2 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 20 % az sənaye məhsulu istehsal edib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektorunda məhsul istehsalı 2,5 % azalıb, qeyri neft-qaz sektorunda 8,9 % artıb.

Sənaye məhsulunun 66,6 %-i mədənçıxarma sektorunda, 27,1 %-i emal sektorunda, 5,6 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8,3 % azalıb, əmtəəlik qaz hasilatı isə 4,2 % artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 2,8 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,1 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 67,9 %, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 54,1 %, metallurgiya sənayesi məhsullarının istehsalı 48,7 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 41 %, mebel istehsalı 40,5 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 35 %, tikinti materiallarının istehsalı 34,5 %, tütün məmulatlarının istehsalı 28,3 %, geyim istehsalı 27,5 %, elektrik avadanlıqlarının istehsalı 24,9 %, hazır metal məmulatlarının istehsalı 18,3 %, toxuculuq sənayesi məhsullarının istehsalı 18 %, qida məhsullarının istehsalı 8,7 %, içkilərin istehsalı 6,3 % artıb, poliqrafiya məhsullarının istehsalı 0,8%, kağız və karton istehsalı 1,3 %, kimya sənayesi məhsullarının istehsalı 1,4 %, neft məhsullarının istehsalı 9,6 %, sair sənaye məhsullarının istehsalı 13,7 %, ağacın emalı və ağacdan məmulatların istehsalı 48,4 %, sair nəqliyyat vasitələrinin istehsalı 66,5 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 11 % azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,2 % artıb.

Fuad Mədətov
Fins.az