Siyasət

09 Fevral

BP "Şahdəniz"də "SDX-8" kəşfiyyat quyusundan əldə olunan məlumatların analizinə başlayıb

BP şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağının işlənilməsinin növbəti mərhələsi çərçivəsində qazılan "SDX-8" kəşfiyyat quyusundan əldə olunan məlumatların analizinə başlayıb.

Fins.az xəbər verir ki, bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyular üzrə vitse-prezidenti Cim O'Leary (Jim O'Leary) jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, quyu ötən ilin dekabrında layihə dərinliyinə çatdırılıb:

"Mürəkkəb bir quyu idi. Lakin biz onu çox səmərəli, təhlükəsiz şəkildə, uğurla layihə dərinliyində çatdırdıq. Quyudan alınan məlumatlar indi əlimizdədir və hazırda onların analizi gedir".

C. O'Leary bildirib ki, əldə olunan nəticələr və məlumatlar götürüldükdən sonra quyu müvəqqəti olaraq bağlanılıb:

"Əldə olunan məlumatların analizi və emalı nəticəsində biz artıq qərar verəcəyik ki, həmin quyudan necə istifadə olunacaq və ümumiyyətlə gələcək planları dəqiqləşdirəcəyik", - BP-nin nümayəndəsi əlavə edib.

O qeyd edib ki, bu cür dərin (7 min metr) və mürəkkəb quyulardan alınan məlumatların emalı çox vaxt aparır. Quyu üzərində işlərin nə zaman davam ediləcəyi məsələsinə toxunan BP nümayəndəsi qeyd etdi ki, bu məsələ təkcə alınan məlumatların emalının vaxtından asılı deyil, bu həm də "Heydər Əliyev" qazma qurğusunun quyuya qayıdacağı vaxtdan da asılıdır.

C. O'Leary əlavə etdi ki, hazırda qeyd olunan qazma qurğusu "Şahdəniz" yatağında həyata keçirilən digər işlərə cəlb olunub.

Xatırladaq ki, "SDX-8" kəşfiyyat quyunun qazılmasına ötən ilin yanvarında başlanılıb. "SDX-8" quyusu “Heydər Əliyev” adına yarımdalma qazma qurğusu vasitəsilə qazılır. Qurğu bu quyunun “Şahdəniz” yatağının şərq cinahında yerləşən qazma ərazisinə 2022-ci ilin dekabr ayında gətirilib.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

2013-cü il dekabrın 17-də Bakıda imzalanmış sənədlərə görə "Şahdəniz" yatağının işlənməsi ilə bağlı PSA sazişinin müddəti 2036-cı ildən 2046-cı ilədək uzadılıb.

“Şahdəniz” üzrə iştirak payları belədir: BP (operator – 29,99 %), “Lukoil” (19,99 %), TPAO (19 %), NİKO (10 %), “Cənub Qaz Dəhlizi” (21,02 %).