Siyasət

02 Fevral

CIL layihəsinin icrasına 380 milyon manat investisiya qoyulub

Beynəlxalq nüfuzlu məsləhətçi “MICON INTERNATIONAL” şirkəti tərəfindən Təfərrüatlı Texniki-İqtisadi Əsaslandırma və İlkin Layihələndirmə sənədləri hazırlanıb. Layihə sənədlərinə əsasən, maksimum effektliyin təmin edilməsi üçün qızıl mədənlərinin oksid fazası üzrə topa qələviləşdirmə, sulfid fazası üzrə çəndə qələviləşdirmə (CIL – Carbon in leach) metodu ilə emalı qərara alınıb. Layihə üzrə fasiləsiz hasilat prosesinin təmin edilməsi məqsədilə 2023-cü ildə ÇİRES-də Çəndə Qələviləşdirmə Zavodunun tikintisi başa çatdırılıb.

Fins.az-ın məlumatına görə, bu barədə “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib ki, zavod ötən ilin sonunda-28 dekabr tarixində sınaq rejimində istifadəyə verilib.

Onun sözlərinə  görə, bununla “Çovdar” və cinah mədənlərində hasilat və istehsalat prosesinin daha mürəkkəb, əməliyyat xərclərinin daha yüksək olduğu mərhələdə-Sulfid fazasında filizlərin emalının optimal texnoloji üsulla həyata keçirilməsinə başlanılıb:

“Lakin bununla belə, biz müəyyən qədər 2023-cü ilə, xüsusən 2024-2025-ci illərə keçid illəri kimi baxırıq. Çünki yeni mədənlərdə hasilat prosesinə başlamağımız, qeyd etdiyim kimi, ilkin mərhələdə geridönüşü olmayan əhəmiyyətli xərclər yaradır. Həm mədənlərdə aparılan üstaçma işləri, həm də mədənlərdə vaxtaşırı daha aşağı zənginlikdə olan filizlərin hasilatı beynəlxalq mədənçilik təcrübəsinə uyğun olaraq xərclərdə artımı qaçılmaz edir və bu mədənçilikdə dövri olaraq baş verən bir prosesdir. Biz bu çağırışı vaxtında, düzgün proqnozlaşdırdığımız və qiymətləndirdiyimiz üçün fəaliyyətimizdə müvafiq uyğunlaşdırma tədbirləri aparmışıq. Nəticədə keçid illərini səmərə ilə tamamlayacağımızı, sonrakı illərdə gəlir və mənfəətliliyimizi daha da yaxşılaşdıracağımızı qeyd edə bilərəm”.

Z.İbrahimov qeyd edib ki, CIL layihəsinin icrasına 380 milyon manat investisiya qoyulub:

“Vəsait dövlət büdcəsinə əlavə yük yaradılmadan, Səhmdar Cəmiyyətin fəaliyyəti nəticəsində əldə edilmiş vəsait  hesabına təmin edilib.  Nəm tullantı anbarı, Qoşqarçay çayından çəkilən texniki su boru xətti və digər köməkçi infrastrukturla birgə 22 aya tamamlanan Çəndə Qələviləşdirmə Zavodu illik 1.1 milyon ton filizüyütmə potensialına malikdir. Zavodun fəaliyyəti ilə sulfidli filizlərin mineraloji tərkibindən və metallurji xüsusiyyətlərindən asılı olaraq qızılın ayrılma nisbətinin 50%-dən 90%-dək artırılmasına, iqtisadi səmərəliliyin təmin edilməsinə nail olunub. Qeyd etdiyim kimi, sulfidli filizlərin 50% çıxımla emalı riskini aradan qaldırmış olduq”.

Fuad Mədətov
Fins.az